“Qarabağ”ın baş məşqçisi “Sabah” və “Barselona” ilə bağlı diqqətçəkən açıqlamalar verib
Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə 1:4 hesabı ilə məğlub olan “Qarabağ” avrokuboklarla vidalaşıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandasının çıxışı, transfer məsələləri və gələcək planları barədə danışıb.
Gununsesi.info Apasport -a istinadla xəbər verir ki, mütəxəssis ağır məğlubiyyətə baxmayaraq, futbolçularının mübarizəsindən razı qaldığını bildirib.
“Əfsuslar olsun ki, məğlub olduq. Belə nəticə ilə qarşılaşmaq istəməzdik. Səhvlərimiz oldu, çatışmazlıqlarımız vardı. Amma meydanda sonadək mübarizə aparan bir komanda gördüm. Rəqibi təbrik edirəm. Konfrans Liqasının əsas mərhələsində çıxış etmək istəyirdik. Buna baxmayaraq, bundan sonra işimizə daha böyük məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və bizə möhtəşəm dəstək verən azarkeşlərə təşəkkür edirəm”, – deyə Qurbanov bildirib.
Baş məşqçinin fikrincə, matçın taleyinə təsir edən əsas amillərdən biri hücum xəttində lazımi dəyişiklikləri etmək imkanının məhdud olması idi. O, “Tvente” kimi topla yaxşı davranan komandaya qarşı daha sürətli hücumlar qurmağın vacibliyini vurğulayıb.
Qurbanov avrokuboklardan kənarda qalmağın müəyyən mənada komandada aparılan yenilənmə prosesinə kömək edə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, dəyişikliklərə ehtiyac olduğu rəhbərliklə aparılan müzakirələr zamanı da hiss olunurdu.
“Bəlkə də, avrokuboklarda olmamaq komandada aparmaq istədiyimiz yeniliklər baxımından faydalı olacaq. Amma Avropa oyunları futbolçular üçün həm təcrübə, həm də əlavə məsuliyyət deməkdir. Hazırda komandada müəyyən dəyişikliklər etməyə çalışırıq. Futbol daim inkişaf edir və rəqiblərlə başabaş oynamaq üçün biz də daha çox təkmilləşməliyik”.
Məşqçi sevimli rəqəmi olan 13-lə bağlı verilən suala da münasibət bildirib və komandanın avrokuboklardakı seriyasının 13-cü ildə başa çatması ilə bunun arasında hər hansı əlaqə görmədiyini deyib. Qurbanov bildirib ki, belə təsadüflərə xüsusi əhəmiyyət vermir.
“Qarabağ”ın futbolçusu Lanqanın əvəzlənməsinə toxunan Qurbanov qərarın riskləri minimuma endirmək üçün verildiyini bildirib. Onun sözlərinə görə, oyunçu gərgin mübarizə şəraitində ikinci sarı vərəqə ala və meydandan qovula bilərdi.
Baş məşqçi Premyer Liqadakı çempionluq yarışının bu mövsüm daha çətin keçəcəyini də etiraf edib. Qurbanov “Sabah”, “Neftçi” və “Zirə”nin gücləndiyini, “Turan Tovuz”un da iddialı heyət formalaşdırdığını qeyd edib.
“Çempionatda rəqabət artıb. Rəqiblərimizin çoxu yaxşılaşıb. Biz də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçularımız tədricən optimal formaya düşəcəklər”.
Qurbanov azarkeşi olduğu “Barselona”nın Bakıda “Sabah”la keçirəcəyi qarşılaşmaya da münasibət bildirib. O, həmin görüşü stadionda izləyəcəyi təqdirdə “Sabah”a azarkeşlik edəcəyini vurğulayıb.
“Barselona”ya başqa oyunlarda azarkeşlik edəcəyəm. Bakıda isə “Sabah”a uğurlar arzulayacağam və stadionda olsam, onlara dəstək verəcəyəm”.
Təcrübəli mütəxəssis “Qarabağ”ın transfer siyasəti ilə bağlı səsləndirilən tənqidləri də cavablandırıb. O, bəzi transfer məsələlərində gecikdiklərini açıq şəkildə etiraf edib.
“Bəli, gecikdik. Yanvar ayından transfer işlərinə başlamışdıq. Amma bu keçidlər 10 gün əvvəl tamamlansaydı, komandaya daha çox fayda verə bilərdi. Alınmadı. Heyətlə bağlı problemlərimiz və gözlənilməz zədələrimiz də oldu. Artıq məğlubiyyət baş verib. Əsas məsələ bundan sonra buna necə reaksiya verəcəyimizdir”.
Qurbanov həmçinin “Sabah”ın eyni vaxtda həm ölkə çempionatında, həm də avrokuboklarda mübarizə aparmaq gücündə olduğunu bildirib. Onun fikrincə, Bakı təmsilçisi hazırda formalaşmış və oturuşmuş kollektivə malikdir.
“Sabah”ın hər iki turnirdə oynamaq potensialı var. Onların yaxşı formalaşan komandası, güclü məşqçi heyəti və oturuşmuş kollektivləri var. Düşünürəm ki, çempionatda rahat mübarizə aparacaqlar. Bizim üçün isə bu mövsüm çempionata köklənmək motivasiya baxımından müəyyən çətinlik yarada bilər” – Qurban Qurbanov əlavə edib.











