Dünyəvilik dinə qarşı deyil, cəhalətə qarşıdır - Ekspert

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 09:44

Təhsilin dünyəviliyi ilə dini dəyərlər arasındakı münasibət yenidən ictimai müzakirələrin diqqət mərkəzinə düşüb.

Xüsusilə məktəblərdə vahid geyim forması və dini simvollar ətrafında aparılan müzakirələr bəzən məsələnin hüquqi və pedaqoji mahiyyətindən uzaqlaşaraq ideoloji qarşıdurma təsiri yaradır.

Halbuki dünyəvi təhsil dini inancların inkarı deyil, dövlət təhsilinin elmi prinsiplər, bərabərlik və dünyəvilik əsasında təşkili deməkdir.

Bəs dünyəviliklə dini dəyərlər arasında həqiqətən ziddiyyət varmı?

Cəmiyyət bu məsələni niyə bəzən inanc və inancsızlıq qarşıdurması kimi qəbul edir?

Gununsesi.info  bu sualları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva ilə müzakirə edib.

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan və əsassız olaraq səs-küyə səbəb olan bu məsələ bir ziyalı kimi onu da narahat edir:

“Görünən odur ki,bu mövzu artıq dövlətin qərarı və təhsil qanunvericiliyinin icrası müstəvisindən çıxarılaraq süni şəkildə ictimai-siyasi müstəviyə keçid alıb. Sanki dövlət dini dəyərlərə qarşı tərəf kimi qələmə verilir. Halbuki işğaldan azad edilmiş torpaqlarımızda ucalan məscidlər, erməni vandalları tərəfindən dağıdılmış və yenidən abad edilən dini ocaqlarımız insanların inanclarına dövlət səviyyəsində göstərilən xüsusi ehtiramın bariz nümunəsidir. Məhz bu baxımdan, məsələyə aqressiv və mənfi yanaşmaq tamamilə əsassızdır”,- deyə o qeyd edib.

Günay Qarayeva həmçinin deyib:

“Tariximizə nəzər salsaq görərik ki, maariflənmək, savadlı olmaq, qadınlarımızın hüquqlarının qorunması və milli-mənəvi dəyərlərimizə sadiqlik ziyalılarımızı narahat edən əsas məsələlərdən olub. Biz dünyəvi və bəşəri dəyərlərə hörmətlə yanaşan bir dövlətin vətəndaşıyıq. Bu gün ölkəmizdə, onun hüdudlarından kənarda dini dəyərlərinə bağlı olan, eyni zamanda yüksək təhsili ilə seçilən xeyli hicablı gənclərimiz var. Onlar məhz bu dövlətin təhsil sistemində yetişib, həyata vəsiqə qazanıblar. Dünyəvi təhsil dini inancları inkar etmir, əksinə, cəmiyyəti dini fanatizmdən, cəhalətdən qoruyaraq, dini dəyərləri elmin, ağlın, sevginin işığında daha dərinindən dərk etməyə imkan yaradır”.

Orxan
Gununsesi.info