Elnur Mustafayev: “Dünyəvi təhsil dini etiqadın inkarı demək deyil”

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 09:32

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev dünyəvi təhsil prinsipləri ilə şagirdlərin vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunmasının vacibliyini vurğulayıb.

Gununsesi.info  xəbər verir ki, Elnur Mustafayev bu barədə açıqlamasında bildirib ki, dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın təmin olunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir.

Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınıb. Zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələri ölkənin tarixi-mədəni irsinin formalaşmasında mühüm rol oynayıb.

Elnur Mustafayev qeyd edib ki, Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Konstitusiyada Azərbaycanın dünyəvi dövlət olması, dinin dövlətdən ayrılması, dini etiqadların qanun qarşısında bərabərliyi və hər kəsin vicdan azadlığı hüququ təsbit edilib.

“Əsas prinsip ondan ibarətdir ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyil. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır”, – deyə o bildirib.

İnstitut rəsmisinin fikrincə, dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili prinsipi kimi başa düşülməlidir.

O vurğulayıb ki, dünyəvi məktəb şagirdin dini inanclarını dəyişdirməyə çalışmamalı, eyni zamanda onun dini mənsubiyyətinə görə təhsil imkanlarını məhdudlaşdırmamalıdır. Təhsil müəssisələri qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və müstəqil düşüncə qabiliyyətinin inkişafını nəzərə almalıdır.

Elnur Mustafayev əlavə edib ki, valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda, məsələ uşağın üstün mənafeyi əsas götürülməklə qiymətləndirilməlidir.

Dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi məsələsinə də toxunan alim bildirib ki, bu sahədə mövcud qaydalara riayət olunması hüquqi çərçivədə tənzimlənir. Onun sözlərinə görə, məktəblərdə bərabər və intizamlı təhsil mühitinin formalaşdırılması ilə şagirdlərin vicdan azadlığının qorunması arasında tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Elnur Mustafayev hesab edir ki, bu tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin vəzifəsi deyil. Bunun üçün ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq qurulmalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər yaradılmalı və müəllimlərin bu sahədə hazırlığı gücləndirilməlidir.

O, həmçinin dini ədavət və düşmənçilik yaradan təşviqatın qarşısının alınmasının, milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmasının və cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin qorunmasının vacibliyini vurğulayıb.

Alimin fikrincə, dünyəvi təhsilin hüquqi təminatları qorunmalı, vicdan azadlığına hörmət edilməli, dövlətin və cəmiyyətin maraqları ilə yanaşı, vətəndaşların, xüsusilə də uşaqların hüquq və mənafeləri əsas götürülməlidir.

Elmar
Gununsesi.info