Tovuz Gömrük İdarəsinin Böyük Kəsik Gömrük Postunda işçi çatışmazlığı yaşandığı iddia olunur.
Bu barədə Gununsesi.info-ya gömrük orqanlarında çalışan şəxslər məlumat veriblər.
Onların sözlərinə görə, Bakı–Tbilisi sürət qatarının fəaliyyətə başlamasından sonra Böyük Kəsik dəmir yolu postunda gömrük əməkdaşlarına ehtiyac artıb. Bu səbəbdən Gəncə Gömrük İdarəsinin əməkdaşları Tovuz Gömrük İdarəsinə ezamiyyətə göndərilirlər.
Lakin iddiaya görə, ezam olunan əməkdaşlara ezamiyyə xərcləri ödənilmir. Bu vəziyyət gömrükçülər arasında narazılığa səbəb olub.
Məlumata görə, məsələ ilə bağlı Komitənin aidiyyəti strukturlarına da məlumat verilsə də, əməkdaşların müraciətlərinə müsbət cavab verilməyib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-nun sorğusuna cavabında bildirib ki, Gəncə Gömrük İdarəsinin əməkdaşları Böyük Kəsik Gömrük postuna ezam edilməyib: ”Onlar daxili prosedurlara uyğun olaraq xidməti zərurətlə əlaqədar müəyyən edilmiş müddətə xidmət yerlərini müvəqqəti olaraq dəyişdirilmişdir. Təhkim zamanı ezamiyyə xərclərinin verilməsi qanunvericilikdə müəyyən edilməmişdir”.
Firuzə Mahmudova
Gununsesi.info












