Din xadimi və yazar Tural İrfan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ətrafında son günlər yaranmış müzakirələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Tural İrfan əvvəlcə 2025-ci ilin iyununda Qurban Qurbanov, oğlu Musa Qurbanlı və “Qarabağ”ın digər futbolçularının Ağdam məscidində camaat namazı qılarkən çəkilmiş foto və videolarının sosial şəbəkələrdə yayılmasını xatırladıb.
Onun sözlərinə görə, həmin görüntülərdən sonra Qurban Qurbanov və futbolçular müxtəlif ittihamlarla, o cümlədən “vəhhabi” damğası ilə hədəfə alınmışdı.
Müəllif qeyd edib ki, həmin vaxt Qurban Qurbanov özünü bu ittihamlardan müdafiə etmək məcburiyyətində də qalmışdı. Turan İrfan bunu ölkədə dini və siyasi mövzular ətrafında formalaşmış “sionist”, “vəhhabi” kimi damğalayıcı yanaşmalarla əlaqələndirib.
Tural İrfan ötən il Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy mərasimi ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələri də xatırladıb.
O bildirib ki, həmin vaxt Etibar Əliyev Qurban Qurbanovu müdafiə edən şəxslərdən biri olub və bununla bağlı sosial şəbəkədə status paylaşıb.
Etibar Əliyevin həmin paylaşımından sitat gətirən Tural İrfan yazıb:
“Sosial şəbəkələrdə Qurban Qurbanovun oğlunun toyundan bəhs edən saysız-hesabsız yazılar bezdirdi bizləri. Kişi oğluna özünəməxsus tərzdə, alqışlanası toy təşkil edib. Qardaşlar, bu qəhrəmanı rahat buraxın, sabah Joze Saramaqonun ölkəsinin futbol klubu ilə mübarizə aparacaq. Beyni sakit olmalıdır. Uğurlar, yenə də uğurlar. Bu gecəni yəqin ki, rahat yatmarıq…”
Tural İrfan qeyd edib ki, həmin dövrdə Qurban Qurbanovu “vəhhabi” adlandıran şəxslər Etibar Əliyevi də “vəhhabini niyə müdafiə edirsən?” yanaşması ilə hədəfə alıblar.
Müəllifin sözlərinə görə, Etibar Əliyev bu gün Qurban Qurbanovun özünü deyil, onun fəaliyyətini bir neçə cümlə ilə tənqid edib və bu, normal qarşılanmalıdır:
“Bu təbii haldır və normal cəmiyyətlərdə normal qarşılanır. İnanıram ki, cənab Qurbanov bu və bu kimi səmimi tənqidləri futbol azarkeşlərinin məhz azarkeş mövqeyi kimi səmimi qəbul edir”.
Tural İrfanı daha çox təəccübləndirən məqam isə vaxtilə Qurban Qurbanovu “vəhhabi” adlandıraraq təhqir edən şəxslərin indi onun “müdafiəsinə” qalxmasıdır. O, həmin şəxslərin hətta əvvəllər Qurban Qurbanovun məsciddə namaz qılarkən çəkilmiş görüntülərini paylaşaraq ittihamlar səsləndirən şəxslər olduğunu iddia edib.
O hesab edir ki, yaranmış vəziyyətdə Qurban Qurbanov Etibar Əliyevə təşəkkür də edə bilər:
“Çünki düşməni dosta çevirmək üçün bir neçə cümləlik yüngül tənqidi kifayət etdi məcrasını dəyişməyə. Vəhhabi söhbəti-filan hamısı birdəfəlik silindi getdi…”
Elmar











