Xalq artisti İlham Namiq Kamal gənclərin iş və sosial təminat problemlərinə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, İlham Namiq Kamal bu barədə “Gənclər hara baxır” verilişində danışıb.
Aktyor bildirib ki, 500 manat maaşla gəncin kirayə ev tutması, yemək və geyim xərclərini qarşılaması olduqca çətindir:
“500 manata kirayə ev tutsun, yemək yesin, paltar alsın? Bəs bu gənc necə yaşasın? Gəncin problemi bu dəqiqə dəhşətli problemdir”.
O, ali məktəb məzunlarının işlə təmin olunması məsələsinə də toxunub.
İlham Namiq Kamal İqtisad Universitetini yeni bitirən oğlunun məzuniyyət mərasimində universitetdən 6 minə yaxın tələbənin məzun olduğunu xatırladaraq onların gələcəkdə harada işləyəcəyini sual edib.
“Yaxşı, bəs bu altı min tələbə harada işləyəcək? İndi təyinat da yoxdur. Olsaydı, məsələn, rayonlara gedərdilər. Mən xatırlayıram, Şəkiyə də o vaxt təyinatla aktyorlar gəlirdi. Hamı öz həyatını gənclik illərindən qururdu. Qabaqlar belə idi”, -deyə xalq artisti qeyd edib.
İlham Namiq Kamal hesab edir ki, gənclərin qarşılaşdığı problemlər aktualdır və ziyalılar bu məsələlərə daha çox diqqət ayıraraq öz sözlərini deməlidirlər.
Elmar
Gununsesi.info











