Məhkəmə qərar verdi, icra məmuru addım atmadı – aliment işi üzrə yeni müraciət

  • Müəllif: Orxan
  • 28 Avqust 2026 17:08

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin aliment borcunun yenidən hesablanması ilə bağlı qərardadının icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinə müraciət edilib.

Gununsesi.info-nun xəbərinə görə, müraciətdə bildirilir ki, Binəqədi Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli qərardadı ilə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlunun 3 may 2024-cü il tarixli aliment borcunun müəyyən edilməsi barədə qərarı ləğv olunub və müvafiq icra sənədləri üzrə aliment borcunun yenidən hesablanması ona həvalə edilib.

Lakin o da qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının icrası istiqamətində uzun müddət ərzində tədbir görülməyib.

Bu səbəbdən, məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət verilib.

Məhkəmənin 10 aprel 2026-cı il tarixli, 8(5-93)-270/2026 saylı qərardadı ilə şikayət təmin edilib.

Qərardadda Əhmədov Asəm Əlqəmə oğlunun 25 avqust 2025-ci il tarixində qəbul etdiyi icraata xitam verilməsi barədə qərarların ləğv edilməsi və müvafiq icra sənədləri üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınıb.

Həmin qərardaddan borclu İmanov İlkin Vəkil oğlunun nümayəndəsi Məhərrəmov Azər Hikmət oğlu və icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu tərəfindən şikayət verilib.

Bakı Apellyasiya Məhkəməsinin 21 may 2026-cı il tarixli, 8(3-6)-215/2026 saylı qərardadı ilə hər iki şikayət təmin edilməyib və Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb.

Beləliklə, məhkəmə aktları ilə icra məmurunun üzərinə konkret öhdəliklər qoyulub və icra tədbirlərinin davam etdirilməsinin zəruriliyi təsdiqlənib.

Müraciətdə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə istinad edilərək bildirilib ki, məhkəmə qərarlarının icrası məcburidir və onların icra edilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının Azərbaycan Respublikasının ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra edilməli olduğu vurğulanıb.

Müraciətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da istinad edilib.

Qeyd olunub ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması məhkəmə müdafiəsi hüququnu səmərəsiz edə bilər.

Bu əsaslarla Ədliyyə Nazirliyinin İcra Xidmətindən Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2026-cı il tarixli qərardadının icrasının təmin edilməsi, işin nəzarətə götürülməsi və müvafiq icra tədbirlərinin həyata keçirilməsi xahiş olunub.

Elmar

Gununsesi.info