“Müdafiə Xətti” İnsan Haqları təşkilatının rəhbəri Rüfət Səfərov cəzaçəkmə müəssisəsinə köçürülüb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Rüfət Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Qeyd edək ki, Rüfət Səfərov daha əvvəl də məhz 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib və 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. Qeyd edək ki, 9 saylı müəssisədə vaxtilə hüquq-mühafizə və dövlət strukturlarında çalışmış şəxslərin, o cümlədən keçmiş prokurorluq və xüsusi xidmət əməkdaşlarının saxlanıldığı müəssisə kimi tanınır.
səfərovun özü də keçmiş müstəntiqdir.
Xatırladaq ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttiham tərəfinin versiyasına görə, Səfərov Novxanıda torpaq satışı ilə bağlı bir şəxsdən 60 min manatdan çox pul alıb, daha sonra tərəflər arasında mübahisə yaranıb və həmin şəxs xəsarət alıb. Səfərov isə ittihamları qəbul etməyib.
İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu cinayət işi üzrə isə beynəlxalq hüquq müdafiə təşkilatları onun təqibinin siyasi motivli olduğunu bildiriblər.











