Zelenski: Rusiyanın strateji bombardmançısı sıradan çıxarılıb, donanma iflic olub

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 21:23

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi kəşfiyyatın (QUR) son hesabatına əsasən, Rusiya ərazisindəki strateji hərbi və iqtisadi obyektlərə endirilən zərbələr barədə məlumat verib.

Gununsesi.info xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşən Yaroslavl Neft Emalı Zavodunu və Saratov vilayətindəki “Engels” hərbi aerodromunu hədəfə alıb.

Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlı bölməsi “Engels” aerodromunda Rusiyaya məxsus “Tu-95MS” strateji raketdaşıyıcı bombardmançı təyyarəsini sıradan çıxarıb. O vurğulayıb ki, Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirən məhz bu tip təyyarələrdir.

Ukrayna Prezidenti bildirib ki, ölkəsinin kəşfiyyatı Rusiyanın ballistik raket istehsalı və bu istehsalın genişləndirilməsi planları barədə yeni məlumatlar əldə edib.

“Rusiyanın bu addımlarının qarşısını alacağıq. Beynəlxalq hüquqa uyğun sanksiya dəstəyinin olması son dərəcə vacibdir. Rusiyanın raket istehsalında istifadə etdiyi bütün komponentlərin, avadanlıqların və dəzgahların tədarükü tamamilə bloklanmalıdır. Xarici komponentlər olmadan ruslar raket proqramının heç bir bəndini reallaşdıra bilməzlər”, – deyə Zelenski qeyd edib.

Dövlət başçısı əlavə edib ki, kəşfiyyatın Rusiya daxilindəki sənədlərə əsaslanan məlumatına görə, təkcə son bir ay ərzində Rusiyanın ayrı-ayrı ixrac tədarükləri 80 faiz azalıb. Onun sözlərinə görə, bu, müflisləşmə həddində olan Rusiya federal və regional büdcələri üçün ciddi itkidir.

Zelenski Ukrayna dronlarının Rusiyanın hərbi sənayesinə və neft sektoruna endirdiyi zərbələrin effektiv olduğunu bildirib.

QUR-un məlumatına görə, Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən ən böyük neft emalı zavodlarından birinin fəaliyyətinin tam dayandırıldığına dair sübutlar əldə edilib. Zavodun illik 17 milyon ton neft emal etmək gücünə malik olduğu bildirilir.

Bundan əlavə, Yaroslavldakı “Slavneft-YANOS” neft emalı zavoduna da FP-1 dronları ilə zərbə endirildiyi açıqlanıb.

Zelenski Rusiya tərəfinin Qara Dəniz Donanmasının faktiki olaraq Novorossiysk limanında bloklandığını etiraf etdiyini bildirib.

“Dron zərbələrimiz sayəsində Rusiya gəmiləri dənizdə əməliyyat aparmaq qabiliyyətini itirib. Rusiya rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapa bilmir. Donanma ticarət və “kölgə donanmasına” müşayiət təmin edə bilmədiyi üçün mülki gəmiləri atıcı silahlar, radioelektron mübarizə vasitələri və hərbçilərlə təchiz etməyi planlaşdırırlar”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski Ukraynanın Rusiyanın mülki dənizçiliyi bu şəkildə hərbiləşdirmək cəhdlərinə qarşı adekvat cavab tədbirləri hazırlayacağını da qeyd edib.

Gununsesi.info