“Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək” -Şavkat Mirziyoyev

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 21:42

“Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtı bəzəyəcək və yeni Özbəkistanın gücünü nümayiş etdirəcək”.

Gununsesi.info  “Report”a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Mirziyoyev qeyd edib ki, ölkənin əsas dövlət bayramının Yeni Daşkənddə keçirilməsi onun təntənəsini daha da artırır.

Ötən gün burada Özbəkistanın Yeni Universitetinin, Nizami adına Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binalarının açılışı olub. Prezidentin sözlərinə görə, gələcəkdə bu rayon elm, təhsil və mədəniyyət mərkəzinə çevriləcək.

“Mən əminəm ki, Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtımızı bəzəyəcək və qurduğumuz yeni Özbəkistanın gücünü nümayiş etdirəcək”, – Mirziyoyev deyib.

O, həmçinin qeyd edib ki, ölkə sakinləri bu rayonda bir çox sevincli və tarixi hadisələrin şahidi olacaqlar.

Mərasim çərçivəsində dünyanın ən hündür musiqili fəvvarəsi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş musiqili fəvvarənin açılışının da keçirilməsi planlaşdırılır.

Gununsesi.info