Azərbaycanda təhsil alan xarici tələbələr və jurnalistlər Cocuq Mərcanlıya səfər edib - FOTOLAR

  • By admin
  • 05 Aprel 2017 13:34

trend_cocuq_marcanli_050417_04

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələr və jurnalistlər Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Gununsesi.info xəbər verir ki, səfər zamanı ilk olaraq Füzuli rayonunda Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. Həmçinin, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbə baxış keçirilib. Məktəbin müəllim və şagird kollektivi ilə keçirilən görüşdən sonra onlara xatirə hədiyyələri təqdim olunub.

Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov əcnəbi tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə məlumat verib.

Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər haqqında danışan nazir müavini bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb”.

F.Qurbanov qeyd edib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.

İştirakçılara ölkə Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, 150 şagird yerlik məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.

Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüşən tələbə və jurnalistlər 20 ildən artıqdır Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə də baş çəkiblər. Onlar Cocuq Mərcanlıda ağac da əkiblər.

İştirakçılara Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, aprel döyüşləri ilə bağlı məlumatların əks olunduğu bukletlər təqdim olunub. Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

trend_cocuq_marcanli_050417_01 trend_cocuq_marcanli_050417_02 trend_cocuq_marcanli_050417_03 trend_cocuq_marcanli_050417_05 trend_cocuq_marcanli_050417_06 trend_cocuq_marcanli_050417_07 trend_cocuq_marcanli_050417_08

Gununsesi.info