Azərbaycanın akademik avarçəkənlərindən ibarət duet “Rio-2016″da yarımfinala yüksəlib

  • By admin
  • 06 Avqust 2016 19:43

avar

 

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov – Boris Yotov dueti start xəttinə çıxıb. Gununsesi.info-nun məlumatına görə, cütlük 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə seçmə yürüşdə iştirak edib.

Məsafənin ilk 1/4 hissəlik bölümündə onlar 4-cü yerdə getsələr də, sonrakı 1000 metrlik məsafədə hamıdan öndə olublar. Lakin sona doğru yeni zelandiyalı Robert Menson – Kristofer Harris dueti liderliyi ələ alıb və finişə 6 dəqiqə 40,350 saniyəyə çataraq, yürüşün qalibi olub. Onlardan cəmi 0,170 saniyə geri qalan Aleksandrov – Yotov dueti 6 dəqiqə 40,520 saniyə nəticə ilə 2-ci olub. Üçüncü yeri 6 dəqiqə 42,330 saniyə nəticə ilə italiyalı Françesko Fossi – Romano Battisti cütlüyü tutub. Reqlamentə əsasən, hər 3 duet birbaşa yarımfinala yüksəlib.

Böyük britaniyalı Conatan Uolton – Con Kollinz (06:43.930) və kubalı Eduardo Rubio Rodriges – Adrian Oquendo (06:52.200) duetləri isə mübarizəni təsəlliverici yürüşdə davam etdirəcəklər.

Qeyd edək ki, yarımfinal yürüşü avqustun 9-da Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

 

Gununsesi.info