Azərbaycan ATƏT-i niyə iflic etdi? - AZAY QULİYEV VƏ ƏLƏKBƏR RAUFOĞLUNUN YANAŞMASI

  • By admin
  • 12 İyul 2020 12:36

 

Xəbər verdiyimiz kimi ATƏT-in  Daimi Şurasının Vyanadakı mənzil-qərargahında növbəti üç il müddətinə ATƏT-in baş katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi və milli azlıqların işləri üzrə ali komissar vəzifəsinin təsdiq edilməsi barədə konsensus əldə etmək mümkün olmayıb.

Gununsesi.org -un xəbərinə görə, buna səbəb Azərbaycan və Tacikistan öz səlahiyyətlərindən istifadə edərək, buna blok qoyması olub.

Ayrı-ayrı ekspertlər isə bildirir ki, adıçəkilən ölkələrin bu addımına səbəb ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, həmçinin, qurumun media azadlığı üzrə ali nümayəndəsinin adıçəkilən ölkələrdə insan haqları bu barədə “Turan”a istinadən bildirir.və media azadlığı sahəsində vəziyyəti tənqid etməsi olub.

Onu da qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev də çıxışında ölkəmizin probleminin mandatla deyil, konkret şəxsiyyətlə bağlı olduğunu deyib. O, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsini tənqid edib.

Gununsesi.org Azay Quliyevin çıxışının mətnini əldə edib və onu təqdim edir:

ATƏT PA-nın baş katibi Roberto Montellanın xahişi ilə mən, ATƏT institutları rəhbərlərinin səlahiyyətlərinin yenilənməsi ilə bağlı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləri ilə geniş müzakirələr aparmışam. İndi isə müzakirələrimin nəticələrini hörmətli həmkarlarımla bölüşmək istərdim:

İlk olaraq, Azərbaycan ATƏT-in Baş katibinin, həmçinin DTİHB-nin direktoru və Milli azlıqlar üzrə Ali Komissarının növbəti müddətə yenidən təyin olunmasına dair konsensusa qoşulmağa hazır olduğunu bildirir.

Mətbuat azadlığı üzrə hazırkı nümayəndənin səlahiyyət müddətinin uzadılması ilə bağlı ATƏT-də konsensus olmadığına görə, Azərbaycan Albaniya sədrliyini vakansiya prosedurunu işə salmağa və iştirakçı dövlətlərin hökumətlərini bu vəzifəyə ən tez zamanda yeni namizədlər irəli sürməyə dəvət etməyə çağırdı.

Qeyd etmək lazımdır ki, təmsil etdiyim ölkənin media azadlığı üzrə nümayəndəyə dair mövqeyi bir mandat deyil, şəxsiyyət məsələsidir. Azərbaycan ATƏT-in bütün icra strukturları ilə öz mandatlarına uyğun olaraq siyasiləşdirmə faktorundan uzaq və nəticələrə istiqamətlənmiş şəkildə insan ölçüsü öhdəliklərinin icrası ilə bağlı konstruktiv dialoq aparmağa hazırdır.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan DTİHB ilə əməkdaşlıqdan məmnundur və biz bu qurumun tənqidləri də daxil olmaqla bütün problemləri və çatışmazlıqları açıq müzakirə etməkdən çəkinmirik və demokratik öhdəliklərimizin icrası sahəsində DTİHB ilə sıx əməkdaşlığımızı genişləndirməyə ümid edirik.

Lakin media azadlığı üzrə nümayəndəyə gəlincə, təəssüf edirik ki, son üç ildə bu vizyon tam reallaşmadı və bir çox hallarda media azadlığı üzrə nümayəndənin mandatına daxil olan əməkdaşlıq və dialoq mexanizmi tam istifadə olunmadı.

Bunun əvəzinə, Nümayəndənin fəaliyyəti digər üzv ölkələrdə, xüsusən də bölgəmizdə baş verən narahatlıq doğuran hadisələrə göz yuman, yalnız bəzi iştirakçı dövlətlərdə nöqsan axtaran vasitəyə çevrildi.

Azərbaycan Respublikası ATƏT-in müvafiq prinsip və öhdəliklərinin icrasını gücləndirmək, habelə iştirakçı dövlətlərin razılaşdırılmış fəaliyyətinin səmərəliliyini artırmaqdan ibarət olan ümumi dəyərlərimiz üzərində qurulan ortaq hədəfimizə çatmaq üçün media azadlığı üzrə növbəti nümayəndə ilə əməkdaşlığa hazırdır.

Çox ümid edir və gözləyirik ki, şəffaf prosedurlar yolu ilə təyin ediləcək yeni Nümayəndə mandatı ilə müəyyən edilmiş qaydada, ATƏT prinsipləri və öhdəlikləri əsasında fəaliyyət göstərəcək və bütün iştirakçı dövlətlərdə selektiv yanaşma faktları olmadan medianın inkişafını müşahidə edəcək, eləcə də hərtərəfli, obyektiv və qərəzsiz şəkildə ifadə və media azadlığını təbliğ edəcəkdir.

ƏLƏKBƏR RAUFOĞLU: “AZƏRBAYCAN VƏ TÜRKİYƏ ATƏT-dən QİSAS ALIR”

ABŞ-da yaşayan insan hüquqları fəalı Ələkbər Raufoğlu isə bildirir ki, Azərbaycan ATƏT nizamnaməsinin imkan verdiyi səlahiyyətindən sui-istifadə edib: “Azərbaycanın bu məsələdəki mövqeyi sırf siyasi ölkədəki vəziyyətə münasibətlə bağlıdır. Bilirsiniz ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, o cümlədən media azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir  Azərbaycanda insan hüquqları və xüsusilə ifadə azadlığı sahəsində vəziyyəti tənqid edirdi. Eyni tənqid son zamanlar Türkiyəyə də yönəlmişdi. Bu təbiidir. Olmalı idi, çünki, hər iki ölkənin ATƏT qarşısında öhdəlikləri var. Buna göz yumulmamalıdır. Görünür, Azərbaycan bu mövqeyi ilə bir növ qisas almaq istədi. Amma hesab edirəm ki, beynəlxalq təşkilatlar bunu yaxşı dərk etdilər”.

Ələkbər Raufoğlunun sözlərinə görə, Azərbaycan bu prosesdə mövqeyini üç dəfə dəyişib ki, bu da diqqətdən yayınmayıb: “Hər dəfə müxtəlif arqumentlər səsləndirməyə çalışıblar”.

Nəcəf Cavadsoy

Gununsesi.org