“Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir” - PREZİDENT

  • By admin
  • 04 Oktyabr 2019 21:33
“Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq”.
Gununsesi.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda tədbir iştirakçılarının suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, biz tərəfdaş ölkələrin birgə səyləri ilə nadir əməkdaşlıq formatı yaratmağa nail olmuşuq. Həmin format bu gün xalqlarımızın rifahına, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, beynəlxalq təcrübədə qarşılıqlı asılılıq və qarşılıqlı tamamlama bütövlükdə sabitlik və təhlükəsizlik amillərindən biridir”, – deyə dövlət başçısı bildirib.
Azərbaycan nəqliyyat infrastrukturuna xeyli vəsait qoyub: “Biz Bakı yaxınlığında çox böyük ticarət limanını istifadəyə vermişik. Həmçinin dəmir yolları bizi üç qonşumuzla birləşdirir. Avtomobil yolları da yük axınının artmasına təkan verir. Coğrafi yerləşmə təbii ki, geosiyasi vəziyyətdən asılıdır. Onun həm müsbət, həm də mənfi cəhətləri ola bilər. Fikrimcə, hər bir hökumətin vəzifəsi ölkəsinin coğrafiyasını müsbətə yönəltməkdir. Zənnimcə, biz buna nail olmuşuq. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və bu ilin aprelində Pekin konfransında Cənubi Qafqazın yeganə ölkəsi kimi iştirak edib. Biz, həmçinin Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıyıq. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. Mən bu gün dedim ki, biz artıq Şimal-Qərb dəhlizinin işə düşməsinə şadıq. Beləliklə həmin layihələr, təbii ki, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək.
Sizin sualınızın ikinci hissəsinə – Azərbaycanla Rusiya arasında münasibətlərin təhlükəsizliyə necə kömək etməsi məsələsinə gəlincə, düşünürəm ki, toqquşmaların, xaosun, vətəndaş müharibələrinin, münaqişələrin, dini ekstremizmin tüğyan etdiyi dənizdə Rusiya və Azərbaycanın sabit ictimai-siyasi vəziyyətdə olan və o cümlədən beynəlxalq terrorizmə, ekstremizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərən ölkələr olduğunu görmək üçün bizim regiona baxmaq kifayətdir. Həm Rusiya, həm də Azərbaycan Qafqaz ölkələridir. Təbii ki, bizi Qafqaz birləşdirir. Bizi Xəzər dənizi birləşdirir. Qeyd etməliyəm ki, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində ötən ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi haqqında konvensiyanın imzalanması böyük rol oynadı. Beləliklə, Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib”.
Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Tatyana Kostuyeva Janın ekologiya ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin bu barədə Prezident İlham Əliyevin də öz münasibətini bildirməsini xahiş edərək dedi:
-Ümumiyyətlə, ekologiya məsələləri yəqin ki, hamını narahat edir. İlham Heydər oğlu, bəlkə, həqiqətən, bu barədə fikrinizi bildirəsiniz?
-Mən Vladimir Vladimiroviçin tezislərini tam dəstəkləyirəm. Öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da elektrik enerjisinin istehsalında qaz və hidroresurslardan istifadə edirik. Bu planda biz, həmçinin tullantılar üzrə öhdəliklərimizi yerinə yetiririk. Mövzu qlobal xarakter daşıyır və əlbəttə, əsas, həlledici sözü iqlimin istiləşməsində başlıca töhfə verən ölkələr deməlidir. Bizim ölkəmiz ərazi baxımından kiçikdir və əhalisi də azdır, ona görə də biz qlobal proseslərə ciddi təsir etmirik. Lakin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi öz tərəfimizdən həm ölkəmizdə, həm də Xəzər regionunda ekoloji şəraiti yaxşılaşdırmaq üçün zəruri tədbirlər görürük. Çünki bu, təkcə bizə yox, həm də digər sahilyanı ölkələrə və bütövlükdə regiona aiddir”.
Sonra dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü oldu.
Gununsesi.org