“Azərbaycan işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq” - DEPUTAT

  • By admin
  • 30 Avqust 2017 23:03

tahir

“Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyadan uzaqlaşacaq, daim himayədarı olmuş bu dövləti də satacaq” 

“Bütün dünya bilir ki, Azərbaycan Silahlı Qüvvələri, ordumuz  işğal altındakı ərazilərimizi qısa müddətdə azad etməyə qadirdir. Lakin Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsini istəyir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana qarşı sanksiyalar tətbiq etməməsi onların təxribatlar törətməsinə, tez-tez atəşkəsi pozmasına şərait yaradır. Millət vəkili xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı 4 qətnamə qəbul edib: “BMT bunu Ermənistana qarşı tətbiq edərək, bu ölkənin işğalçı olduğunu təsdiqləyib. Ermənistanı müdafiə edən ölkələrin sayəsində bu qətnamələr icra olunmur. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılmır. Amma ötən ilin aprel ayında erməni hərbi birləşmələrinin təmas xəttindəki təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin bir hissəsini işğaldan azad etməsini beynəlxalq təşkilatlar, Ermənistanı müdafiə edən ölkələr ermənilərin “hüquqlarının pozulması” kimi adlandırmağa çalışaraq, Azərbaycana qarşı təzyiqlər edirdilər. Həmin təşkilatlar bu yöndə bəyanatlar verirdilər”.

Deputat bir daha vurğulayıb ki, Azərbaycan ordusu işğal altındakı ərazilərimizi qısa müddətdə azad etməyə qadirdir: “Azərbaycan dövləti, Azərbaycan ordusu belə bir qüdrətə, gücə malikdir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq. Lakin bununla belə, Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsini istəyir. Beynəlxalq təşkilatlar isə Azərbaycan ərazilərinin işğal altında qalmasına, ermənilərin mütəmadi şəkildə dinc əhaliyə qarşı vandalizmlər törətməsinə göz yumur. Nə qədər ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu və aparıcı dövlətlər Ermənistana qarşı təzyiqlər göstərmir, işğalçı ilə işğala məruz qalanı bir-birindən ayırmır, ermənilərin təxribatları, sülh danışıqlarını pozmağa yönəlik addımları davam edəcək”.

T. Rzayev eyni zamanda bildirib ki, ermənilər daim ikili siyasət yürüdüb və bu, belə də davam edəcək. Deputat qeyd edib ki, ermənilər bir müddət öncə NATO təlimlərinə qatılmaqla, Avropa İttifaqına yaxınlaşmaq kimi cəhdlər etməklə özlərini siyasi baxımından müstəqil dövlət kimi qələmə verməyə çalışırlar: “Mətbuata açıqlamamda da bildirdiyim kimi, onlar bu addımla sübut etmək istəyirlər ki, guya Rusiyanın əsarətində deyillər və istədikləri vaxt müstəqil ölkə kimi qərar qəbul etməyə qadirdirlər. Amma Ermənistan tarixən Rusiyanın himayəsində olub. Onlar indi bu iddiaları təkzib etmək üçün belə hərəkətlər edir, özlərinəRusiyadan əlavə himayədar tapmaq istəyirlər”.

T.Rzayev bildirib ki, Ermənistanın bu cür addım atmasında məqsəd həm də Rusiyanı qıcıqlandırmaqdır. “Ermənistan görür ki, Azərbaycanla Rusiya münasibətləri gündən-günə yaxınlaşır, ona görə də Rusiyanı qıcıqlandırmaq üçün NATO ilə əməkdaşlığa işarə edir. Ermənistan daim başqa dövlətlərə satqınlıq edib, xəyanət edib. Bu birinci dəfə deyil ki! Ermənilərin bu xisləti Rusiyanın siyasi dairələrinə də yaxşı məlumdur. Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyadan uzaqlaşacaq, bu dövləti satacaq. Erməniləri həmişə öz mənafeləri maraqlandırıb”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info