Azərbaycan, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

  • Müəllif: admin
  • 10 May 2017 12:42

azerbaijan_turkey_iran

Hazırda əsas məqsəd Azərbaycan, Türkiyə və İran prezidentlərinin zirvə görüşünü hazırlamaqdır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin  APA-nın Tehran müxbirinə açıqlamasında deyib.

“İranda yaxın günlərdə prezident seçkiləri keçiriləcək. Seçkilərdən sonra zirvə toplantısı ilə bağlı məsələlər daha ciddi şəkildə müzakirə ediləcək. Hazırda görüşün tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”- deyə, Türk diplomat vurğualyıb.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və İran üç qardaş ölkədir: “Bu üç ölkənin bir çox müştərək tərəfləri və onları bir-birinə bağlayan tellər var”.

O bildirib ki, Azərbaycan, Türkiyə və İran hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə çox geniş əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik. İkitərəfli əməkdaşlıqları üçtərəfli formatda inkişaf etdirmək niyyətindəyik. Bu sahədə müəyyən görüşlər də keçirilib. Ötən il İranın Ramsər şəhərində üç ölkənin xarici işlər nazirlərinin toplantısı oldu”.

Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial mövcuddur: “İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin zirvə görüşünü hazırlamaqdır”.

Gununsesi.info