Azərbaycan və Ukrayna Tokio Olimpiadasından uzaqlaşdırıla bilər

  • By admin
  • 29 İyun 2018 16:20

Xəbər verdiyimiz kimi, Azərbaycanın daha bir ağırlıqqaldırma üzrə yeniyetmə atletinin qanında dopinq aşkarlanıb.

Albaniyanın Dures şəhərində keçirilmiş Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanmış Hüseyn İsmayılovun qanında anabolik steroidi izi tapılıb.

Ümumiyyətlə, həmin yarışdan dörd idmançıda – iki ukraynalı, bir azərbaycan və bir rusiyalı idmançıda dopinq aşkar edilib. Buna görə Ukrayna və Azərbaycanın Tokio-2020 Olimpiadasından uzaqlaşdırılacağı gözlənilir.

Son səkkiz ayda azərbaycanlı idmançılardan üçüncü haldır ki, dopinq aşkarlanır. Gənclərin Avropa çempionatında VI yeri tutmuş İsa Hüseynov (69 kq) dörd illik sanksiya ilə üzləşib.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2013-cü ildə Qazaxıstan adından yeniyetmələrin dünya çempionu olmuş millimizin legioneri Anastasiya İbrahimli (75 kq) haqda isə Hüseyn İsmayılovda olduğu kimi hələ qərar verməyib.

ABŞ KİV-nin iddiasına görə, IWF-nin Müstəqil Sanksiya Komissiyası hazırda Azərbaycan və Ukrayna barədə iki illik sanksiyanı gözdən keçirir. Çünki qaydalara əsasən, il ərzində üç belə dopinq analizi müsbət nəticə verdikdə yerli federasiyaya bu müddətə cəza verilə bilər. Bu isə o demək olacaq, Azərbaycan iki il sonra Tokiodakı Olimpiadada iştirakdan məhrum ediləcək. Ancaq yeni qaydalara görə, bu cəza dörd ilə kimi də qaldırıla bilər.

Lakin Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev Oxu.Az-a açıqlamasında bunun doğru olmadığını bildirib:

“Biz bu məsələni artıq araşdırmışıq. Bu qayda Olimpiadanın təsnifat mərhələsi yarışları zamanı qüvvəyə minir. Həmin yarışlar isə noyabrda başlayacaq. Üstəlik, hələ Nastya və Hüseyn barədə sanksiya qərarı verilməyib. Düşünürəm ki, Hüseyn barədə müsbət qərar çıxarılacaq və idmançımız cəzalandırılmayacaq”.

Qeyd edək ki, ötən ilin payızında Azərbaycan Ermənistan və Türkiyə kimi Müstəqil Monitorinq Qrupunun araşdırması nəticəsində bir illik yarışlardan kənarlaşdırılaraq cəzalandırılıb. 50 min dollar (43 min avro) ödəniləcəyi halda yığmalarımızın cəzası bir ildən səkkiz aya endiriləcəkdi.

Bu pul ödənildiyi üçün iki həftə əvvəl IWF Azərbaycana verdiyi bir illik cəzanı dörd ay erkən aradan qaldırıb. Belə ki, iyunun 19-dan atletlərimizin beynəlxalq yeniyetmə yarışlarda iştirakına icazə verilib.

Avqustun 19-dan isə gənclərin və böyüklərin çempionatlarında iştirak millimiz üçün mümkün olacaq.Oxu.az