Azərbaycanda bu hakimlər cəzalandırıldı - BƏZİLƏRİNİN İŞİ PROKURORLUĞA GÖNDƏRİLDİ

  • By admin
  • 10 Oktyabr 2018 10:43

Məhkəmə-Hüquq Şurası (MHŞ) son iclasında daha yeddi hakimi cəzalandırıb.

“Gununsesi” bildirir ki, bu barədə MHŞ-nın rəsmi saytında deyilir.

Qərarlar “qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar” verilib.

Məlumata görə, “konkret korrupsiya faktı” üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

“Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.”

Məhkəmə-Hüquq Şurası adlarını çəkmədiyi dörd hakimin də səlahiyyətlərinə “qanuni əsaslarla xitam verildiyini” deyib.

BBC News Azərbaycanca adları çəkilən hakimlərdən şərh ala bilməyib.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin, son 13 ildə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, 100-dən çox hakimin işindən kənarlaşdırıldığı bildirilib.