Azərbaycanda Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri və hüquqları artırılıb

  • By admin
  • 14 İyun 2016 15:36

 Azərbaycanda Dövlət fitosanitar nəzarəti xidməti

 

Azərbaycanda Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri və hüquqları artırılıb. Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 14-də keçirilən növbədənkənar plenar iclasında qəbul edilən “Fitosanitar nəzarəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna edilən dəyişikliyə əsasən bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək, fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri sırasına daxil edilib. İndiyə qədər Dövlət fitosanitar nəzarəti xidmətinin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olmaq üçün onlara müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq hüququ olub. Dəyişikliyə əsasən Dövlət fitosanitar nəzarəti xidmətinin bu sahədə hüquqları genişləndirilib. Xidmətin artıq müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq olacaq. Dəyişiklik Dövlət fitosanitar nəzarəti xidmətinə bitki mühafizəsi tədbirlərinin mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq, bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək hüquqları da verilib.

 

Mürtəza Bunyadlı