Azərbaycanda insan hüquqlarının durumu qiymətləndiriləcək – AŞ PA HƏMMƏRUZƏÇİSİ

  • By admin
  • 20 May 2020 18:21
“Karantin bitəndən sonra beynəlxalq qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatları tənqidi olacaq”.
Gununsesi.org bildirir ki, bunu Azadlıq Radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir deyib:
“Azərbaycan da, başqa ölkələr kimi, karantindədir və ölkədə baş verənlərlə bağlı informasiya əldə etmək və xəbərləri təsdiqlətmək çətindir. Amma bu şərtlər daimi deyil. Sərhədlər açılanda və Avropa Şurası yenidən tam gücü ilə fəaliyyətə başlayanda qiymətləndirmə aparacaq və bu qiymət də tənqidi olacaq. Müəyyənləşdirəcəyik ki, pandemiyadan hansı hallarda öz avtoritar oyunlarına meydan vermək və siyasi maraqlarını həyata keçirmək üçün sui-istifadə olundu. Karantin bitəndə bunların hamısı öz əksini tapacaq və tənqid olunacaq”.
S.Evarsdottir deyib ki, Azərbaycanda karantin dövründə 15 -ə qədər müxalifət fəalı və jurnalist həbs olunub:
“Avropa Şurasının durumdan xəbəri var və bundan narahatdır”.
S.Evarsdottir, həmçinin bildirib ki, bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Ona görə, təhlükəsiz mühitdə yaşamaq bütün məhbusların fundamental haqqıdır.
Həmməruzəçi deyib ki, məhbusların sıx olduğu həbsxanalar pandemiya dövründə narahatlıq doğurur.
Rəsmi məlumata görə, Azərbaycan həbsxanalarında 50-ə qədər koronaviruslu xəstə var və onlar hazırda müalicə olunur.
Azərbaycan hakimiyyəti, bir qayda olaraq, ölkədə siyasi məhbus olması barədə ittihamları rədd edir, bildirir ki, ölkədə heç kim siyasi baxışlarına görə təqib edilmir.

Gununsesi.org