
“2018-ci ildə Azərbaycanda bank ombudsmanının səlahiyyətləri artırılacaq”.
Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu bank ombudsmanının məsul katibi Elçin Həsənov Azərbaycan Banklar Assosiasiyasının rəsmi orqanına müsahibəsində deyib.
Məsul katib qeyd edib ki, hazırda bank ombudsmanının adının dəyişdirilməsi və Maliyyə ombudsmanı institutunun yaradılması nəzərdə tutulur: “Eyni zamanda bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində işlər davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları ilə fikir ayrılıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcək. Artıq qanun layihəsi hazırlanıb və müzakirələr aparılır”.
E.Həsənov bildirib ki, bank ombudsmanının fəaliyyəti dövründə 163 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlərdən bəziləri bank ombudsmanının səlahiyyətlərinə daxil olmadığı üçün, bir qismi isə düzgün prosedur qaydalarına əməl olunmadığı üçün qəbul edilməyib: “Bank ombudsmanının icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında barışıq sazişi imzalanıb, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilib və digər işlər isə hazırda icraatdadır. Bankla müştəri arasında əldə edilən razılıqlara borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və digər məsələlər daxildir”.
Gununsesi.info











