Məmur oğlu atasını rüşvət və korrupsiyada ittiham edir - "LOĞMAN ƏLİYEV 3 QADINLA YÜNGÜL HƏYAT TƏRZİ YAŞAYARAQ DÖVLƏT ƏMLAKINI TALAMAQDA DAVAM EDİR"

  • By admin
  • 31 May 2017 09:46

1496168244_press-az

Azərbaycanda görünməmiş hadisə baş verib.

Gununsesi.info-nun məlumatına görə, oğul məmur atasından hüquq-mühafizə orqanlarına şikayət edib.

Belə ki, 1 həftə əvvəl Göyçay Sanitar Təmizlik İdarəsində baş nəzarətçi vəzifəsindən istefa verən Əhliman Loğman oğlu Əliyev həm müdiri, həm də atası olan Loğman Əliyevin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət edib.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov sosial şəbəkədə yazır ki, bu barədə Əhliman Əliyev atası haqqında aidiyyatı orqanlara və mətbuata verilməsi üçün ona şikayət məktubu göndərib. Hüquq müdafiəçisinin dediyinə görə, Ə.Əliyev müraciətində aidiyyatı qurumlardan Göyçay Sanitar Təmizlik İdarəsindəki qanunsuzluqların araşdırılmasını xahiş edib.

T.Xasməmmədov Əhliman Əliyevin şikayətinə əsasən qeyd edib ki, onun atası Loğman Əliyev əvvəllər dəfələrlə dövlət əmlakını sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyat hissələri üçün pul yazaraq sərfiyyatı aylıq hesabatlarda göstərib.

Ə.Əliyev yazır: “Göyçay Sanitar Təmizlik İdarəsi (STİ) talan olunur və dövlət orqanları isə baş verən qanunsuzluqlara göz yumur. Əvvəllər dəfələrlə dövlət əmlakını mənimsədiyinə, jurnalistin peşə fəaliyyətinə müdaxilə etdiyinə, vəzifə səlahiyyətlərini aşmaqla günahsız yaşlı qadın, kişi və digər insanları söydüyünə, şərlədiyinə, döydüyünə görə məhkum olumuş, lakin islah olunmamış Göyçay STİ-nin rəisi olan Loğman Əliyev 3 qadınla yüngül həyat tərzi yaşayaraq dövlət əmlakını talamaqda və hər ay dövlət büdcəsinə ziyan vurmaqda davam edir. Məşğulluq xətti ilə ayrılmış pullar hesabına idarədə adıgedən 51 nəfər işçinin hər ay aldığı 121 manat və idarənin daimi işçisi kimi göstərilən yaxın qohum və həmkəndliləri olan 25 nəfərin maaş kartları və hər ay əhalidən yığılan 9400 manat pul qanunsuz olaraq mənimsənilir. İdarənin xəzinədarı Hacıqulu Qədirov staj məqsədilə adı işdə gedən 25 nəfərin əvəzinə hər ay əməkhaqqı cədvəlinə imza atır. Kommunal ödənişlər üçün bir adam başına 30 qəpik nəzərdə tutulsa da, Loğman Əliyev hər evdən məcburi qaydada 3 manat pul yığdırır. Gündəlik 5 nəfər nəzarətçi ərazidə işləyir, hər biri gündə idarəyə 60 manat plan verir. Bu da o deməkdir ki, toplanan pullar bank hesabına, xəzinəyə deyil, hər gün Loğman Əliyevlə yüngül həyat keçirən idarəni oyuncağa çevirən, onu övladlarıyla düşmən salan Gülnarə adlı bir qadının çantasına girir. Bundan əlavə, Loğman Əliyev idarəyə məxsus 3 ədəd buraxılış ili 2008-ci il olan “Kamaz” markalı və 2012-ci il olan “JAK” və 1996-cı il olan “Daewoo” markalı maşınları ehtiyat hissələrə ayıraraq satıb. Amma avtomobillərin sökülərək satılmasına baxmayaraq, həmin avtomobilləri sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyat hissələri üçün pul yazaraq sərfiyatı aylıq hesabatlarda göstərib. L.Əliyev təkcə 3 avtomobilə görə dövlətə ümumilikdə 350 min manat ziyan vurub. Həmçinin yanacaq və ehtiyat hissələrinə görə 18 ay ərzində külli miqdarda pul vəsaiti mənimsəyib. Onun qanunsuz hərəkətlərinə göz yuma bilmədiyimdən baş verənlərə etirazımı bildirmişəm.

O isə vəzifəyə görə məni, doğma övladını həmkəndlisi və xəzinədarı olan Qədirov Hacıqulunu və öz qardaşı olan Şakəm Əliyevi pul müqabilində öyrədərək üzümə yalançı şahid qoymaqla məni şərlədib tutdurmağa çalışır. Bu özbaşınalığa görə bütün aidiyyatı orqanlara rəsmi müraciət etsəm də, bu günə qədər heç bir müsbət addım atılmayıb. Atam Loğman Əliyevin rəhbərlik etdiyi idarənin yoxlanılaraq göstərilən bütün faktların üzə çıxarılmasını bir daha aidiyyatı orqanlardan xahiş edirəm”.

Oğlunun haqqında söylədiklərinə münasibət bildirən Loğman Əliyev isə deyib ki, barəsində səsləndirilənlər uydurmadır:  “Rəhbərlik etdiyim qurum rayonda ən şəffaf işləyən idarələrdən biridir. Əhliman Əliyevin dedikləri şər-böhtandır. Oğlum əxlaqsız bir qadını gətirib ki, mənim evimdə saxlasın. Mən də buna imkan verə bilmərəm. Onun ailəsi, 3 körpə uşağı var. Körpələrini atıb bir əxlaqsıza qoşulub. Pulları qurtaran kimi gəlirlər ki, idarənin pullarını ver bizə. Mən dövlətin pulunu elə adama verib, türməyə gedən halım yoxdur. Heç kimdən rüşvət almıram, heç kimə də rüşvət vermirəm. Borc alıb oğlum Əhlimana maşın almışdım. Burada idarədə işləyirdi, oğurluq etdiyi üçün işdən qovmuşam. 3 körpə balasını atan adam gəlib indi mənə böhtan atır. Gəlib deyir ki, “yaşadığın evi ver mənə, mən həmin o əxlaqsız qadınla orada yaşayım”. O mənim övladım ola bilməz. Ayda min manat idarədən pul oğulayıb. Mən necə imkan verə bilərəm ki, körpə balalarını atıb gəlib mənim evimdə əxlaqsız biri ilə yaşasın. Heç vaxt kimsənin haqqını yeməmişəm. Özüm kənd təssərrüfatı mütəxəssisiyəm. Təssərrüfatla məşğulam. Mənim hökumətin puluna ehtiyacım yoxdur”.

Gülnaz Qənbərli

Gununsesi.info