Azərbaycandakı uşaqların sayını açıqlandı - STATİSTİKA

  • By admin
  • 18 Noyabr 2016 12:31
usaq
Azərbaycanda iki milyon altı yüz min nəfərə yaxın uşaq var.
Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  18 noyabr “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Azərbaycanda uşaqların sağlam ailə mühitində yaşaması və normal təhsil alması ilə bağlı məsələlərə toxunan  komitə sədrinin sözlərinə görə, uşaqların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilməkdədir.
Komitə sədri deyib ki, bu gün daha çox aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların xüsusi  dövlət qayğısının göstərilməsinə ehtiyac var və bu  vacibdir. “Bununla yanaşı uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması vacib şərtdir. İndiyədək uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması və sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqram, Tədbirlər Planı qəbul edilib.
Uşaqların təhsildən yayınması və yeniyetmə gənclərin erkən ailə qurması probleminə toxunan komitə sədri bildirib ki, erkən yaşda ailə qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması deməkdir. Bu problemlərin qarşısının alınması istiqamətində  müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlər keçirilir.
H. Hüseynova bildirib ki, uşaq problemləri sahəsində məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, beynəlxalq təşkilatların cəlb edilməsi əsas vəzifələrdəndir: “Uşaqların sağlam və xoşbəxt böyüməsi tək dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Uşaq hüquqları ilə bağlı Azərbaycan BMT-nin müvafiq komitəsinə üç dövrü hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə  Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır”.
Gununsesi.info