Azərbaycanın “Afrikası”: Tovuzun Kazımlı kəndinin yol, marşrut xətti və internet problemi / İcra Hakimiyyətinin məsuliyyətsizliyi / FOTOLAR

  • By admin
  • 09 May 2023 15:25

Tovuz rayonunun Çataq Sovetliyinin Kazımlı kəndinin sakinləri redaksiyamıza müraciət edərək kənddə çoxsaylı problemlərin olmasından şikayət edirlər.

Gununsesi.info xəbər verir ki, kənd sakinləri bizə müraciətində Kazımlı kəndində internetsizlik, asfaltlı avtomobil yollarının yoxluğu və nömrəli marşrut xətlərinin çəkilməməsindən şikayət edirlər.

 

Kənddə yaşayan H. Firdovsi  bildirir ki, 400 nəfərlik Kazımlıda çoxsaylı problemlər var.

Kənddən rayona işləməyə gedən sakinlər taksiyə 4+4 manat gediş-gəliş haqqı ödədiklərini,  yerdə qalan aylıq qazancları ilə dolana bilmədiklərini deyirlər.

Onların sözlərinə görə, kəndə nömrəli marşrut xətti çəkilsə, bu, həm də ticarətin canlanmasını, meyvə-tərəvəzin satılmasını və sosial canlanmanı da artırar.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı (+994 22) 315-30-56 nömrəsinə zəng etsək də, uzun müddət zənglərə cavab verilməyib.

Sonra özünü təqdim etməyən və idarənin telefonuna cavab verən kişi işçi marşrut xəttinin olmaması və yolların asfaltlanmaması ilə bağlı etiraz edərcəsinə, “Əvvəllər yol xətti və magistral olubmu ki, soruşursunuz”, – deyə cavab verib.

Daha sonra İcra Hakimiyyəti işçisi yol problemi ilə bağlı onların deyil, Avtomobil Yolları üzrə Dövlət Agentliyinin Tovuz Yol İdarəsin cavabdeh olduğunu söyləyib.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin əlaqə nömrəsinə zəng etsək də, Mətbuat Şöbəsi ilə danışmaq istəyimizi özünü Baxışlı Ülvi kimi təqdim edən işçi operator “Bu gün bizdə iş günü deyil”,  şəklində  cavablayıb.

Problemləri diqqətdə saxlayacağıq.

 

 

Arzu 

Gununsesi.info