“Azərbaycanın qaz satışından mənfəəti ən yaxşı halda ilə 600-700 mln. dollar olacaq” - NATİQ CƏFƏRLİ

  • Müəllif: admin
  • 29 İyun 2017 12:54

natiq

“Şahdəniz-2, TANAP və TAP layihələri təqribən, 45 mlrd. dollara başa gələcək”.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Natiq Cəfərli sosial mediayada qeyd edib.

İqtisadçının sözlərinə görə, bunun 20 milyard dollara yaxınını Azərbaycan maliyyəşdirir: “Bu öhdəlikləri yerinə yetirmək üçün, təqribən, 8-10 mlrd. dollar kredit almışıq və almaqda davam edəcəyik.

Avropalıların marağında olduğu borulara yatırım edirik, onlar da bizimkiləri tərifləyib həm özlərinə yeni xətt çəkdirirlər, həm də bunun üçün bizə kredit verib faizdən də qazanırlar. Avropanın dərdi bizim cəmi ildə 10 mlrd. m3 olan qaz deyil, məhz keçid gücü ildə 32-35 mlrd. m3 olacaq həmin boru xətləridir. Qaz kəmərlərini  bizə çəkdirib, sonra ora İsrail, Kipr, İraq və İran qazını qoşacaqlar. Həmin ölkələr borulara pul xərcləmək istəmir, hamısının dənizə çıxışı var, sıxılmış qaz şəklində tankerlərlə öz qazını satmaq imkanları var.  Amma onlara pul xərcləmədən borulara qoşulmaq sərf edir, qoşulacaqlar da”.

N.Cəfərli deyir ki, sıxılmış qaz bazarı hər il ən yüksək templə artan bazardır: “Bu günlərdə ABŞ bəyan etdi ki, yaxın illərdə sıxılmış qaz bazarında dominant ölkə olacaq.  Avstraliya da 200 yeni müasir tanker sifariş edib, onlar da bazara böyük miqdarda qaz çıxaracaqlar.

Bu gün Avropada qazın 1000 m3-i, ortalama, 240 dollardır. ABŞ Avropa bazarına artıq daxil olub; yaxın 5 ildə Avropaya əlavə 80 mlrd. m3 qaz çıxaracaq. Çox güman, 2020-ci ildə Avropada qazın hər 1000 m3-i 200 dollar civarında olacaq.

Azərbaycan da məhz 2020-ci ildə Avropa bazarına ildə 10 mlrd. m3 qaz çıxaracaq. Bunun da dəyəri 2 mlrd. dollar olacaq, hasilat və tranzit xərclərini, payçılara düşən vəsaiti çıxanda ölkəyə, ən yaxşı halda ilə 600-700 mln. dollar pul qalacaq. Yəni, 20 mlrd. investisa qoyuruq, bunun da 8-10 mlrd. dolları kredit olacaq, ildə isə 700 mln. dollar qazanacağıq, həmin vəsait də kreditlərin faiz ödəmələrinə gedəcək. Özü də ana borca deyil, məhz borclar üzrə hesablanan faizlərin ödənilməsinə ancaq çatacaq”.

“Hökumət neft erasının bitməsinə də inanmadı, 2008 böhranından nəticə çıxartmadı, heç bir islahata o zaman getmədi, halbuki, o zaman da xəbərdarlıq edirdik. O zaman islahata başlasaydıq, 9 ildən sonra müəyyən pozitiv nəticələr görə bilərdik. İndi də islahatın imitasiyası var, özü yoxdur, ümidlərini ya neftin qiymətinin qalxmasına, ya da qaz gəlirlərinə bağlayıb gözləyirlər. Hər ikisi də boş xəyaldır, hökumət qeyri-neft sektorunu qaz sektoru kimi görür, bu baxış dəyişməsə, ciddi idarəetmə islahatı olmasa ölkə borc bataqlığında boğulacaq, ciddi kasıblaşacaq”.

Vüsalə Rüstəmova 

Gununsesi.info