
Son günlərdə SOCAR-ın “Azəriqaz” İstehlak Birliyi mütəmadi olaraq, heç bir xəbərdarlıq etmədən istehlakçılara qaz verilişini kəsir.
Bu hallar xüsusən də Bakıətrafı qəsəbələrdə müşahidə olunur. Hətta, elə qəsəbələr olub ki, Novruz bayramı günlərdindən etibarən qaz verilişi dayandırılıb və indiyədək qaz verilişində məhdudiyyətlər davam edir. Baş verən hallarla bağlı “Azəriqaz” İB v SOCAR rəhbərliyinə müraciət edilsə də nəticəsi yoxdur. İstehlakçıya qaz verilişində məhdudiyyətlərin verilişi ilə bağlı SOCAR və “Azəriqaz”İB məlumat və ya izahat verməli olduğu halda, bununla bağlı hər hansı açıqlama vermir. Və demək olar ki, ictimaiyyətin sorğularına etinasız yanaşır. Çünki baş verən hallarla bağlı dəfələrlə “Azəriqaz” İB və SOCAR rəhbərliyinə bununla bağlı rəsmi müraciətlər olsa da, nəticəsiz qalıb. Sosial şəbəkələrdə bununla bağlı SOS siqnalı çalınsa da, hər gün hansısa ərazidə qazın verilişində məhdudiyyətin yaranması ilə bağlı fəryadlar edilsə də, bütün bunlar qaz sektoruna rəhbərlik edən qurumlar tərəfindən qulaq ardına vurulur. Və özlərini sanki heç nə baş verməmiş kimi aparırlar. Adi bir açıqlama verməyi belə özlərinə sığışdırmırlar. Sanki “SOCAR və “Azəriqaz” havaların bu soyuq vaxtında xalqa qənim kəsilərək zülm etməyi özünə fəxarət hesab edir.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinə edilən müraciətlər də artıq son günlərdə nəticəsiz qalmaqdadır. Belə çıxır ki, artıq onun da bu məsələdə gücsüz olduğu ortaya çıxır.
Bütün bu sadalananlar bir daha göstərir ki, SOCAR və “Azəriqaz” İB vətəndaşlara qarşı sayğısızlıq nümayiş etdirməklə, onların hüquqlarını kobud surətdə pozmuş olur. Buna görə hətta SOCAR rəhbərliyi məsuliyyət daşıyır.
Ancaq qaz verilişində isə məhdudiyyətlər davam edir və Azərbaycan hökumətindən də hansısa aidiyyatı qurum bu məsələyə aydınlıq gətirmək istəmir və susur. Bax ən pisi də budur. Hökumətin öz vətəndaşına qarşı laqeyidsiz yanaşması…. Onun hüquqların kobud surətdə pozaraq ayaqlar altına atması… Belə demək mümkünsə SOCAR vətəndaşlara qan uddurur.
Gununsesi.info olaraq əldə etdiyimiz məlumatlara görə, bütün bunlarin nədəni SOCAR və “Azəriqaz” İB-də tüğyan edən korrupsiya və maxinasiyalardır. Vaxtı ilə istehlakçının qaz təminatının yaxşılaşdırılması ilə bağlı ayrılan dövlət vəsaitlərini mənimsəyərək, qaz xəttlərində təmir-bərpa işləri aparılmayıb. Qaz xətlərində təmir-bərpa işləri aparılmadığından, eyni zamanda yeni çəkilənlər də keyfiyyətsiz olduğundan külli miqdarda qaz itkisinə yol verilir. Elə buna misal olaraq bir neçə ay bundan öncə, daha doğrusu 2016-cı ilin dekbarın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində baş verən partlayışı misal çəkmək olar. 1000-2000 mm-lik diametri olan iki qaz borusunda üç dəfə partlayış baş verdi. Buna səbəb isə qaz xəttinin çəkilişi zamanı borularda keyfiyətli qaynaq işlərinin aparılmaması olub. Nəticədə boruların birləşməsində sızmalar yaranıb və bu da sonda güclü partlayışlara səbəb olub. Bu partlayış nəticəsində nəinki dövlətə, eyni zamanda o ərazidə yaşayan insanlara da ciddi ziyan dəydi, evləri ciddi xəsarət aldı. Belə faktları sadalamaqla qurtarmaq olmaz.
“Azəriqaz” İB-də baş verən qanunsuzluqlar və korrupsiya, maliyyə maxinasiyaları ilə bağlı faktlar Hesablama Palatasının bu qurumda apardığı yoxlamalar nəticəsində də aşkar edilib. Belə ki, Dövlət Proqramları çərçivəsində aparılan qazlaşdırma prosesində dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Qazlaşdırma tədbirlərinin intensiv olaraq həyata keçirilməsinə, o cümlədən qaz təsərrüfatı şəbəkəsinin əsaslı surətdə yenilənməsinə, əsasən əhali istehlakçı qrupu üzrə qaz şəbəkəsinin yenidən qurulmasına vəsait qoyulsa da, Birlik üzrə normadan artıq itki 2014-cü ildə 12,4%, 2015-ci ildə isə 14% təşkil edib.
Bir sıra hallarda dövlət büdcəsinin vəsaiti hesabına nizamnamə kapitalının artırılmasına aid edilmiş məbləğ üzrə ƏDV məbləği əvəzləşdirilməsi hallarına yol verilib, Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən Birliyə qaytarılmaq şərti ilə ayrılmış maliyyə yardımlarının sonradan borc kimi geri alınması ayrıca sənədlə rəsmiləşdirilməyib.
Bundan əlavə, qazın topdan alışı, nəqli və pərakəndə satışı prosesində bəzi hallarda mərkəzləşdirilmiş qaydada iqtisadi nəticəliliyi tam əsaslandırılmayan idarəetmə qərarlarının qəbul edilməsi halları, o cümlədən nəqliyyat xidmətlərinə olan tələbatın təsərrüfat daxili əsaslarla deyil, sifarişçilər əsasında (icarəyə götürülməklə) reallaşdırılması, təbii qazın topdanalışı və nəqli prosesində iştirakçı qismində üçüncü hüquqi şəxsin cəlb edilməsi, Birliyin balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülməsi, və digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.
Bundan əlavə debutor borcların illik ortalama həcmi 200 milyon manat ətrafındadır. Dövlət satınalmalarında tender qaydalarının şəffaf olmaması, təklif edilən qiymətlərin orta bazar qiymətlərindən 20 faiz baha olması aşkar edilib.
Bunun əvəzində isə biz tamam başqa bir səhnənin şahidi oluruq. “Azəriqaz” İB rəhbəri Əkbər Hacıyev rəhnbərlik etdiyi qurumdakə korrpusiya faktlarına aydınlıq gətirmək əvəzində Gununsesi.info-ya açıqlamsında həyasızcasına deyir ki, bu aidiyyatı qurumlarla “Azəriqaz” arasında olan məsələ olduğundan bunun ictimaiyyətə hər hansı bir aidiyyəti yoxdur.
Qaz verilişində yaranmış məhdudiyyətlərlə bağlı bir sıra ekspertlərə müraciət etdik.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov yaranmış vəziyyətlə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, “Azəriqaz”İBi istehlakçıların hüquqnu kobud surətdə pozur və bunun səbəbini də izah etmir: “Məsələyə o qədər etinasız yanaşırlar ki, heç izahat verməyi də özlərinə rəva görmür və özlərinə sığışdırmırlar. Bu bir faktdır. Bakı və Abşeronun bir çox ərazilərində qaz verilişi dayandırılıb. Elə hazırda nə mənim evimdə, nə də ofisimdə qaz yoxdur”
S.Məmmədov əlavə edib ki, SOCAR və “Azəriqaz” İB buna bir aydınlıq gətirməlidir. “Və bu onların vəzifə borcudur. Ancaq etmirlər. Elə ən pisi də odur ki, SOCAR və “Azəriqaz” vətəndaşların çağırışına etinasız yanaşmasıdır”- deyə, o, bildirib.
S. Məmmədov bildirib ki, kimsə qaz verilişin yay aylarında düzələcəyinə ümid edir, bu yanlış fikirdir: “Yayda da vəziyyət düzəlməyəcək”.
Qaz verilişində yaranan problemin səbəblərinə gəldikdə S. Məmmədov hesab edir ki, bütün bunları korruösiya və mənimsə halının nəticəsi kimi dəyərləndirirəm. “Külli miqdarda qaz itkisinə yol verilib və ya onun müəyyən qismi harasa ötürülüb. İndi SOCAR istehlakçının qazını ksəməklə vəziyyətdən çıxmağa və bu itkini ört-basdır etməyə çalışır. Ona görə də SOCAR bir şox yerdə qaz verilişini dayandırır, digər ərazidə təzyiqni az edir, başqa bir yerdə isə qaz yerinə hava vurur”- deyə, ekspert bildirib.
Bütün bu halları nəzərə alan S. Məmmədov hesab edir ki, SOCAR və “Azəriqaz” istehlakçı qarşısında məsuliyyət daşıyır.
“Çünki SOCAR-ın istehlakçı qarşısında öhdəçiliy var ki, o istehlakçını fasiləsiz və keyfiyyətli qazla təmin etməlidir. Əgər bunu yerinə yetirmirsə, deməli, öhdəçiliyi pozur və bu öhdəçiliyi pozduğuna görə məsuliyyət daşıyır”- deyə, S. Məmmədov bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov da Gununsesi.info-ya açıqlamasında deyib ki, SOCAR monopolist bir təşkilat kimi istehlakçı qarşısında öhdəliyi olduğu üçün onun hüquqlarını pozduğuna görə, məsuliyyət daşıyır:“Çünki SOCAR istehlakçı qarşısında keyfiyyətli və fasiləsiz qazla təmin etmək barədə öhdəlik götürüb. Qanunvericilik təchizatçının üzərinə öhdəlik qoyur və “Azəriqaz” da bu öhdəliyi kobud surətdə pozur”.
AİB rəhbəri deyib ki, “Azəriqaz” Abşeron və Bakının müxtəlif yerlərinə müxtəlif keyfiyyətli qaz verməklə məşğuldur: “Elə yer var orada qazın təzyiqi və keyfiyyəti normaldır. Elə yer var ki, orada nə qazın təzyiqi var, nə də ki, keyfiyyəti. Sadəcə, havadır”.
E. Hüseynov əlavə edib ki, bu gün “Azəriqaz” istədiyi vaxt qazı kəsir, istədiyi vaxt verir. Bu da nəticədə ciddi təhlükələrə və problemlərə yol açır:
“Azəriqaz” isə buna əhəmiyyət vermir. Biz bu günə kimi məhkəmə proseslərində “Azəriqaz”-ın günahkar olduğunun şahidi olmamışıq. Bütün hallarda istehlakçı günahkar sayılıb. İstehlakçının hüquqları ayaqlar altına atılıb. Bu isə anormal haldır. Bu, istehlakçının hüquqlarının kobud surətdə pozulmasıdır ki, “Azəriqaz” buna görə məsuliyyət daşıyır. Çünki “Azəriqaz”-la istehlakçı arasında imzalana müqavilədə şərtlər birtərəflidir.
Yəni, “Azəriqaz”hər hansı keyfiyyətsiz xidmətət görə, üzərinə hər hansı məsuliyyət götürmür. Müqaviləyə əsasən bütün məsuliyyət istehlakçının üzərinə düşür. Ona görə də baş verən qəza və partlayışlarda istehlakçı günhakardır. Biz bunun məhkəmə proseslərində də şahidi olmuşuq”- deyə, o, bildirib.
O, bildirib ki, hansısa qəza və partlayış baş verəndə ya istehlakçı günhakar olur, ya da qaz cihazlarının keyfiyyətə uyğun olmadığı bildirilir:
“Ancaq onu deyim ki, bütün qaz cihazları, hətta, İrandan gətirilən qaz sobaları belə standartlara uyğundur. Sadəcə, “Azəriqaz” istehlakçını normal və keyfiyyətli qazla təmin etmədiyindən, istehlakçı məcburən bu cihazlara müdaxilə edir. Və nəitcədə yenə də istehlakçı günahkar olur”.
E.Hüseynov istehlakçının qazının mütəmadi kəsilməsinə gəldikdə isə bildirib ki, “Azəriqaz” bu yolla itkilərini ört-basdır etmək istəyir:
“Yəni, “Azəriqaz” istehlakçının hüququnu kobud surətdə pozaraq, qazı kəsir və itkilərin qarşısını bu yolla ört-basdır edir”.
E.Hüseynov sonda onu da əlavə edib ki, əslində, “Azəriqaz” bu fəaliyyəti ilə ölkə başçısının istehlakçıların hüquqlarının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin səmərəsini azaldır.
Mürtəza Bünyadlı
Gununsesi.info












