AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır

  • By admin
  • 23 Aprel 2018 14:16

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlarla mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail aeroportuna (iyulun 1-dən) müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

Qeyd edək ki, AZAL aviaşirkəti iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib.

Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı altıya çatacaq.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

Gununsesi.info