2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 19,34 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 15,23 mlrd. dollar idi. Yəni ümumi ixrac 27 % artıb.
İlk baxışda kifayət qədər yaxşı dinamikadır. Amma ixracın strkturuna və xüsusilə neft-qaz sektorunun göstəricilərinə ayrıca baxdıqda mənzərə daha mürəkkəbdir.
2025-ci ilin ilk 7 ayında neft-qaz sektorunun ixracı 13,14 mlrd. dollar olmuşdusa, bu ilin eyni dövründə 13,40 mlrd. dollara yüksəlib. Artım cəmi 2 %-dir.
Daha vacib dəyişiklik isə neft-qaz sektorunun ümumi ixracdakı payındadır. Ötən ilin yanvar-iyulunda bu sektor ixracımızın 86,3 %-ni, bu il isə 69,3 %-ni təşkil edib. Bir il ərzində təxminən 17 % bəndi azalma var.
Amma burada diqqət edilməli əsas məsələ neft və qazın öz daxilindəki dinamikadır.
Xam neft ixracının fiziki həcmi 14,47 mln. tondan 12,72 mln. tona düşüb. Bu,12,1 % azalma deməkdir. Buna baxmayaraq, xam neftdən əldə olunan ixrac gəliri 7,66 mlrd. dollardan 8,03 mlrd. dollara yüksələrək 4,9 % artıb.
Başqa sözlə, neft ixracından gəlirin artması hasilat və ixrac həcminin artması hesabına baş verməyib. Əksinə, fiziki ixrac əhəmiyyətli dərəcədə azalıb, gəliri isə daha əlverişli qiymət səviyyəsi kompensasiya edib. Statistik göstəricilər əsasında hesablandıqda ixrac olunan neftin orta vahid dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 19 % yüksək olub.
Bu isə vacib siqnaldır. Çünki qiymət amili aradan qalxarsa, fiziki həcmdəki azalma birbaşa ixrac gəlirlərinə keçəcək.
Təbii qazda isə vəziyyət fərqlidir və daha çox diqqət tələb edir. İxracın fiziki həcmi demək olar dəyişməyib, sadəcə 14,41 mlrd. kubmetrdən 14,43 mlrd. kubmetrə yüksəlib. Artım cəmi 0,1 %-dir. Amma qaz ixracından gəlir 5,27 mlrd dollardan 4,88 mlrd dollara düşüb, yəni 7,3 % azalma olub.
Deməli, qazda fiziki ixracı artırmadan gəlirlərin azalması ilə üzləşmişik. Burada da əsas təsir qiymət amilindən gəlir.
Neft məhsullarında isə əks dinamika müşahidə olunur. İxracın fiziki həcmi 62 %, ixrac dəyəri isə144 % artıb. Bu, xam neftin birbaşa satışından fərqli olaraq emal olunmuş məhsulların ixracının genişlənməsi baxımından müsbət tendensiyadır.
Bütün bunlardan hökumət üçün çıxan əsas nəticə isə məncə başqadır. Belə ki, Azərbaycanın neft-qaz ixrac gəlirləri getdikcə daha çox fiziki istehsal və ixrac imkanlarından deyil, dünya bazarındakı qiymət konyunkturasından asılı vəziyyətə düşür. Xam neft ixracının həcminin bir ildə 12 % azalması artıq adi statistik hal deyil. Bu tendensiya davamlı xarakter alarsa (artıq alır), əlverişsiz qiymət dövründə həm xarici ticarət balansına, həm valyuta daxilolmalarına, həm də büdcə gəlirlərinə eyni vaxtda təzyiq yarada bilər.
Ona görə də 2026-cı ilin ilk 7 ayının göstəricilərində ən mühüm rəqəm neft-qaz ixracının 2 % artması yox, əsas siqnal neftin fiziki ixracının12 % azalması və qaz ixracından gəlirin 7 %-dən çox aşağı düşməsidir.
Müsbət tərəf isə odur ki, ümumi ixrac neft-qaz sektorundakı bu zəif dinamikanı kompensasiya edə bilib. Qeyri-neft sektoruna daxil olan malların ixracı 2,09 mlrd. dollardan 5,93 mlrd. dollara yüksəlib və ümumi ixracdakı payı 13,7 %-dən 30,7 %-ə çatıb.
Ancaq bu göstəricinin strukturunu ayrıca təhlil etmək lazımdır. Çünki ixracın neftdən statistik olaraq uzaqlaşması ilə iqtisadiyyatın real mənada diversifikasiyası həmişə eyni şey deyil.
Eldəniz Əmirov
İqtisadçı









