“Qarabağ” FK cəbhəsində hərəkətlilik var: Cəfərquliyev satılır?

“Qarabağ” FK-nın müdafiəçisi Elvin Cəfərquliyevə Türkiyədən maraq var.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin “Pendikspor” klubu Azərbaycan millisinin üzvü üçün “Qarabağ”ın qapısını döyüb. Tərəflər arasında futbolçunun mümkün transferi ilə bağlı ilkin təmasların olduğu bildirilir.

Elvin Cəfərquliyev uzun müddətdir Ağdam klubunun əsas heyətinin vacib üzvlərindən biridir. O, 2018-ci ildən “Qarabağ”ın formasını geyinir və hazırda klubun əsas sol cinah müdafiəçilərindən hesab olunur.

Cəfərquliyevin adı daha əvvəl də Avropa klublarının transfer siyahısında yer alıb. 2024-cü ildə İtaliyanın “Latsio”, “Torino” və “Komo” klublarının futbolçu ilə maraqlandığı və “Qarabağ”ın onun üçün 3 milyon avro tələb etdiyi barədə məlumat yayılmışdı.

İndi isə Türkiyədən gələn təklif Ağdam klubunun qarşısında yeni sual yaradıb: Elvin Cəfərquliyev satılacaq, yoxsa “Qarabağ” əsas müdafiəçisini komandada saxlayacaq?

Hələlik transferin detalları və “Qarabağ”ın mövqeyi barədə rəsmi açıqlama yoxdur.

 

 

Mina

Gununsesi.info