Politoloq: “Xəzərin adını dəyişməklə tarixini dəyişmək mümkün deyil”

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 13:29

İrandakı “İranşəhri” adlı fars millətçi qruplaşmasının Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı kampaniyaya başlaması Azərbaycanda da müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev məsələ ilə bağlı yazısında bildirib ki, “Xəzərin tarixi adının bərpası tələbi” adı altında aparılan kampaniya türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi cəhdidir.

Onun sözlərinə görə, İranda Xəzər dənizinin adının dəyişdirilməsi məsələsi ilk dəfə deyil gündəmə gətirilir. Əvvəllər bəzi fars millətçi dairələri “Xəzər” adının “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzlənməsini təklif ediblər.

Turan Rzayev 2002-ci ildə Prezident Heydər Əliyevin Tehrana səfəri zamanı baş vermiş hadisəni də xatırladıb.

O qeyd edib ki, həmin vaxt keçirilən mətbuat konfransında iranlı jurnalist Xəzər dənizini “Mazandaran gölü” adlandırıb.

Heydər Əliyev isə jurnalistin ifadəsinə etiraz edərək bildirib:

“Dünya xəritəsində “Mazandaran” adlı göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm, mənə tanıdasınız”.

Rzayev yazıb ki, İranın o zamankı prezidenti Məhəmməd Xatəmi vəziyyəti yumşaltmağa çalışaraq jurnalistin bundan sonra “Caspian Sea” deyəcəyini söyləsə də, Heydər Əliyev bununla kifayətlənməyib:

“Elə “Caspian Sea”dır da, necə yəni bundan sonra? Xəzər dənizi, onun adı da Xəzərdir”.

Politoloq hesab edir ki, tarixi coğrafi adları siyasi sifarişlə dəyişmək mümkün deyil.

“Xəzəri “Mazandaran” adlandırmaqla onun tarixini dəyişmək mümkün deyil. Xəzərlərin adını dənizdən silmək cəhdi ilə Xəzər türklərinin tarixini də silmək mümkün deyil”, – deyə Rzayev vurğulayıb.

O, eyni zamanda 2002-ci ildə Heydər Əliyev və Məhəmməd Xatəmi arasında keçirilən görüş zamanı Qarabağ məsələsi ilə bağlı müzakirələri də xatırladıb.

Rzayevin sözlərinə görə, Heydər Əliyev Xatəmiyə Ermənistanı Qarabağda işğalçı adlandırmağı xahiş edib. Xatəmi isə “Nə Ermənistan İsraildir, nə də Azərbaycan Fələstin” ifadəsini işlədib.

Politoloq qeyd edib ki, ABŞ diplomatik korpusunun həmin dövrdə Bakıdan göndərdiyi hesabatda da İranın Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini açıq şəkildə pisləmədiyi vurğulanıb.

“Xəzər dənizinin adı dəyişməyəcəyi kimi, Məhəmməd Xatəminin bu sözləri də dəyişməyəcək”, – Turan Rzayev yazıb.

Politoloq fikirlərinin sonunda 2002-ci ildə Heydər Əliyevin Tehranda səsləndirdiyi sualı xatırladıb:

“Mazandaran gölü haradadır?”

“Cavab xəritədə yoxdur. Xəzər isə oradadır. Və adı da Xəzərdir!” – deyə Rzayev qeyd edib.

Orxan

Gununsesi.info