Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində gündəmlə bağlı bir sıra məsələlərə toxunub.
Gununsesi.info xəbər verir ki, Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaxın zamanda imzalanmış təhlükəsizlik yönümlü “Məkkə Birgə Müdafiə Sazişi” barədə də danışıb.
“İlk növbədə “Məkkə Sazişi” fərqli bir dəyişiklik idi. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə bu üçtərəfli sazişin imzalanması dünyaya mühüm mesaj verməyimizə imkan yaratdı. Sazişin Məkkədə imzalanması və üç ölkə tərəfindən həyata keçirilməsi bizə əlavə güc, dünyaya isə fərqli mesaj verdi. İnanıram ki, həm Pakistan, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı bu sazişdən böyük məmnuniyyətlə ayrılıb. Xeyirli olsun”, – Ərdoğan deyib.
Türkiyə Prezidenti ABŞ və İran arasında gərginliyin yaşandığı bir vaxtda belə bir sazişin imzalanmasının dünya sülhü baxımından mühüm mesaj olduğunu vurğulayıb.
“Dünya sülhünə mühüm mesaj deyirəm. Çünki Türkiyə sülh tərəfdarı olan ölkə kimi Məkkənin seçilməsini sülh naminə mühüm addım hesab edir. İranla ABŞ arasındakı prosesdə biz də sülh tərəfdarı olduğumuzu daim vurğuladıq. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı olaraq sülhü müdafiə edən ölkələr kimi mövqeyimizi ortaya qoyduq. Bundan sonra da sülhün tərəfdarı olan ölkələr kimi bu yolda davam edəcəyik”, – deyə Ərdoğan bildirib.
Məkkə Sazişinin NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə bənzəyib-bənzəmədiyi barədə suala cavab verən Ərdoğan bildirib ki, üç ölkədən hər hansı birinə hücum olacağı təqdirdə digər tərəflər birgə müdafiə tədbirləri görə biləcək.
“NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, burada da ortaq müdafiə anlayışı eyni məntiqə əsaslanır. Hər hansı problem yaranacağı təqdirdə bu üç ölkə birlikdə lazımi addımı ata biləcək. Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı, yəni bu üç ölkədən hər hansı birinə hücum olarsa, ortaq müdafiə paktına uyğun olaraq digər iki ölkə lazımi müdafiəni həyata keçirə bilər”, – Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan digər ölkələrin də “Məkkə Sazişi”nə qoşula biləcəyini bildirib.
“Hazırda bu üç ölkədən başqa, onlara əlavə olaraq başqa ölkələr də istənilən vaxt qoşula bilər. Təkcə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan deyil, digər ölkələrin də aramıza qatılması mümkündür. Sazişi imzalayarkən bunu açıqlamışdıq və bildirmişdik ki, bundan sonrakı mərhələdə qoşulmaq istəyən ölkələr üçün qapımız açıqdır”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti Misirin də istəməsi halında sazişə qoşula biləcəyini vurğulayıb.
“Misir də arzu edərsə, bu üç ölkə arasında razılaşma əldə edər və Misirə də qapısını açar”, – Ərdoğan deyib.












