Gununsesi.info Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib. O, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib: “İstintaq zamanı dedilər ki, qiymətlər şişirdilib. Bu, düzgün deyil. Müəyyən edilib ki, mənim “Aztelekom”dan 16 milyon manat alacağım var. Məni isə 4 milyon manat mənimsəməməkdə ittiham edirlər. Nəyə görə həbs olunmuşam, bilmirəm”.
Prokurorun sualların cavablandıran N. Məmmədov Vidadi Zeynalova pul vermədiyini deyib. Vəkillərin suallarına cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əlavə, Daxili İşlər, Ədliyyə nazirlikləri, “Azercell Telekom”la da çalışdığını deyib. Bildirib ki, hərraclar barəsində qəzetlər vasitəsi ilə xəbər tutub. O, baş mühasibi Səhrab Məmmədova 32 min manat pul vermədiyini də deyib: “Səhrab Hümbətov pul yeyənə oxşayır? Ona ancaq maaş vermişəm”.
Təqsirləndirilən Cəlil Cəfərov özünü təqsirli bilmədiyini, heç bir qanunu pozmadığını deyib: “Rabitə Voleybol Klubunun prezidenti olmuşam. Bütün işləri özüm qurmuşam. Sonra Telekom klubun yaratdıq”.
C. Cəfərov rabitə sahəsində mütəxəssis olduğunu deyib. Bildirib ki, sosial şəbəkələr vasitəsində danışıq trafikləri barədə hər ay nazirə məruzə edib: “Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşür. Bizi Rusiya monopoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouming sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mən tərəfindən imzalanıb. Sonradan “Azərkosmos” yaradıldı və işlər onlara təhvil verildi”.
O, heç bir mütəşəkkil dəstə yaratmadıqlarını deyib: “Beynəlxalq danışıqlarla bağlı bizdə cinayətlər baş alıb gedir. Bizim MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz olub. Bakıda reydlər keçirmişdik. Adamları aldatmışdılar ki, filan aparat wifi aparatını gücləndirir. Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi. Elə olurdu ki, Azərbaycanda trafik sıfıra düşürdü. Heç bir qanun pozuntusu olmayıb. Vergi yoxlaması zamanı da tariflərin düzgün hesablanması məlum olub. Mənim heç bağ evim də yoxdur. Xahiş edirəm, barəmdə bəraət hökmü çıxarasınız”.
Proses günün ikinci yarısında davam edəcək.
Gununsesi.info












