AzTV sədrinə qarşı sui-qəsd - "BU İŞİN UCU GEDİB ELDAR MAHMUDOVA ÇIXIR" (YENİLƏNİB)

  • By admin
  • 07 Mart 2018 13:18

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov 4 milyon 500 min manatlıq mülki iddia qaldırıb. O, iddianı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Gununsesi.info xəbər verir ki, AzTV rəhbəri onu, qızını və bacısı oğlunu öldürməyə  cəhddə  təqsirləndirilən ŞücaətƏkbərovdan bu pulu tələb edir.

Bu cinayət işinə görə müttəhimlər kürsüsündə Şücaət Əkbərovla yanaşı, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov da var. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Alışanovun 4.5 milyonluq iddiası barədə bugünkü məhkəmədə işə baxan hakim Əfqan Hacıyev məlumat verib. Deyib ki, məhkəməyə zərərçəkmişin belə bir mülki iddiası daxil olub.

Şücaət Əkbərov iddiaya etiraz edib: “Mən pul qazananda Alışanov pul görməmişdi”.

Etiraza baxmayaraq, AzTV rəhbərinin mülki iddiası icraata götürülüb.

Şücaət Əkbərov və vəkilləri isə Arif Alışanovun şəxsən özünün məhkəmədə iştirakını tələb edib. Bildiriblər ki, AzTV sədri və qızı Nigar Alışanovanın nümayəndəsi iştirak etsə də, yetərli deyil. Onlar özləri məhkəməyə gəlməlidir.

Şücaət Əkbərov deyib ki, Arif Alışanov məhkəməyə gəlməsə, proses təxirə salınsın.

Vəkil də bildirib ki, ədalətli məhkəmə araşdırması üçün Alışanovun iştirakı vacibdir.

Amma hakimlər bu vəsatəti təmin etməyib. Bildirilib ki, məhkəmənin gedişində zərurət yaranarsa, Arif Alışanov məhkəməyə çağrılar.

Şücaət Əkbərov həmçinin səhhəti ilə bağlı ekspertiza keçirilməsini və ev dustaqlığına buraxılmasını istəyib: “Səhhətim yaxşı deyil. Bunu təcridxana rəhbərliyi də çox yaxşı bilir. Ayağımda da problemlər var. Bu işin uzanması mənə lazım deyil. İş yaxşı araşdırmalıdır. Çünki bu işin bir ucu Eldar Mahmudova gedib çıxır”.

Bu vəsatət də təmin olunmayıb.

Daha sonra ittiham aktı elan olunub. İttihama görə, 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək bir neçə dəfəbaşqalarından da istifadə etməklə, Arif Alışanov və yaxınlarını öldürməyə cəhd edib. İddia olunur ki, onun məqsədi A.Alışanovun 4,5 milyon manatlıq əmlakını ələ keçirmək olub.

Dəstə üzvlərindən Müsəllim Namazov sonradan onların əməlləri haqda hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra Şücaət Əkbərov və digərləri həbs olunub. Namazov isə vaxtında xəbər verdiyinə görə cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxslərə qəsdən adam öldürməyə cəhd, qanunsuz silah saxlama kimi ittihamlar verilib. ŞücaətƏkbərova isə bunlarla yanaşı, həm də dələduzluq ittihamı verilib.

Təqsirləndirilən şəxslər ittihamı.qəbul etmir, şər-böhtan olduğunu bildirirlər.

Daha sonra məhkəmədə təqsirləndirilən Şücaət Əkbərov ifadə verərək bildirib ki, 2007-ci ildən Arif Alışanovla tanışdır: “O,  Şamaxıdan torpaq almaq istəyirdi.  Onu  kürəkəni gətirmişdi. Dəfərlərlə ona torpaq tapmışam və alıb. Mənim işim makler kimi torpaq tapmaq idi. 2-3 il belə alqı-satqılar davam etdi.  2011-ci ildə onun kürəkəni Fəridləproblemi oldu. Mənə zəng elədi ki, topaqların hamısın Fəridin adından çıxarım, həyat yoldaşı Mehriban xanımın adına keçirim.

2013-cü ildə yenidən torpaq almaq istədi. Heç kim bilməsin deyə, satıcılarla özü görüşmürdü. Bütün işləri  mən görürdüm. Onun üçün 6 hektar torpaq aldım. Ümumulikdə Alışanovun 2011-ci ilə qədər Şamaxıda 120 hektar torpağı olub. İndi onları başqa başqa adamların adına keçirib.

Şücaət Əkbərov bildirib ki, Arif Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir nömrəli adamı olub: “Nazir harda olurdusa, bu da orada olurdu. Sadəcə, Eldar Mahmudovdan sonrakı hadisələrdə aradan yaxşı cıxmağı bacardı…”

O, Arif Alışanovu həm də qətldə ittiham edib: “Bir qızı çaya atıb öldürdülər. Hadisə 2016-cı ildə olub. O qızla əvvəl kürəkəni gəzirdi, sonra Alışanovun özü gəzdi. Sonra aralarında nə oldu, qızı çaya atıb öldürdülər. O vaxt onun şəkilləri də vardı. Ona görə də, onlar məni aradan götürmək istədilər. Bütün bunlar buna görə başımıza gəlib. Həmin qızın kimliyini bilmirəm. Siz itkin düşmüş qızların şəkilini gətirin, göstərim sizə…”

Gülər

Gununsesi.info