

“Bu yaxınlaradək orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta, cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün rəhbərlik etdiyi komitənin iclasında “Uşaq hüquqları haqqında” qanuna nəzərdə tutulan dəyişikliklə bağlı çıxış edərkən deyib.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün rəhbərlik etdiyi komitənin iclasında “Uşaq hüquqları haqqında” qanuna nəzərdə tutulan dəyişikliklə bağlı çıxış edərkən deyib.

Onun sözlərinə görə, “Reklam haqqında” qanuna edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi nəticəsində son dövrlərdə bu sahədə çox ciddi nəzarət var:
“Yəni, artıq orta məktəb yaxınlığında uşaq psixologiyasına zərər vuran reklamlar yığışdırılıb”.
O, eyni zamanda əlavə edib ki, telekanallarda uşaqlar üçün bir saatlıq film bəzən 3 saat çəkirdi:
“Axı, uşağın vaxtı azdır, ona lazım olan multfilmə baxıb ya istirahət etməlidir, ya da dərsləri ilə məşğul olmalıdır. İndi isə bu cür hərəkətlər yığışdırılmaqdadır”.

Deputat Dilarə Cəbrayılova da çıxışında deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır:
“Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.

Deputat Astan Şahverdiyev isə bildirib ki, uşaqlara nifrət aşılana bilməz:
“Ermənistanda uşaqlara nifrət aşılanır”.
Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub:
“Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı?! Ona görə də uşaqları qorumaq lazımdır”.
Deputat Tahir Rzayev çıxışında ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib:
“Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki… Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.
Mürtəza
Gununsesi.info