Media cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında və demokratik dəyərlərin inkişafında mühüm rol oynayır. Lakin sürətlə dəyişən informasiya mühiti ilə yanaşı, media sahəsində peşəkarlıq, etik prinsiplərə riayət, dezinformasiyanın qarşısının alınması və informasiya keyfiyyəti kimi məsələlər də gündəmdədir.
Gununsesi.info“İnformator.az”a istinadən xəbər verir ki, mövzu ilə bağlı Mədəniyyət TV-nin direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev Azərbaycan mediasının bugünkü vəziyyəti, mövcud problemlər və onların həlli yollarından bəhs edib.
Azərbaycan mediasının informasiya məkanında fikir və mövqe sərbəstliyi ilə seçildiyini vurğulayan Bəhruz Niftəliyev, qeyd edib ki, bu sahədə ciddi qüsurlar mövcuddur:
“Bir sahənin inkişaf etməsi orada olan mövcud problemlərdən asılıdır. Problem olmalıdır ki, biz onun həlli ilə məşğul olaq və bu həll inkişafa gətirib çıxarsın. Beləliklə, problem özü arxivə qarışsın. İş olan yerdə mütləq şəkildə müəyyən problemlər, qüsurlar da özünü göstərir, bu qaçılmaz haldır. Azərbaycan mediası bu gün söz azadlığı, informasiya məkanında fikir və mövqe sərbəstliyi ilə seçilir. Təbii ki, burada da müəyyən qüsurlar özünü göstərir. Bəzən bəziləri demokratiyanı anarxiya ilə qarışdırırlar. Nə istəyirlər, necə istəyirlər qərəzli şəkildə müxtəlif mövzuda yazırlar, xəbərlər tirajlanır. Bu, informasiya bolluğunda jurnalistika etikasına tərs, yaraşmayan hərəkətlərdir. Əsas problem bəzi dırnaqarası saytlar, YouTube kanalları, eyni zamanda qəzetçiliklə məşğul olan insanlar, özünü jurnalist adlandıran şəxslər dezinformasiya ilə bu gün də məşğul olurlar”.
Sosial şəbəkələrdə asanlıqla yayılan yanlış xəbərlərə toxunan fəlsəfə doktoru bunu demokratik mühitdən sui-istifadə kimi qiymətləndirib və peşəkarları məsuliyyətli olmağa çağırıb:
“Bu gün sosial şəbəkələr jurnalistikanın problemlərini artıran səbəblərdən biridir. İndi kim necə istəyir bir səhifə yaradır müxtəlif sosial platformalarda xəbər daşıyıcısına, yayıcısına çevrilir. Burada da yenə də yanlış xəbərlərin, informasiyaların, jurnalist etikasına, norma və prinsiplərinə uyğun gəlməyən informasiyaların yayılması halları baş verir. Bu problemlərin özü belə mövcud demokratik yanaşmalardan xəbər verir. Yəni, istənilən bir şəxs çox rahat şəkildə fikrini ifadə edir. Bəli, sən bunu öz sosial şəbəkəndə, şəxsi hesabında ifadə edə bilərsən. Amma sən özünü jurnalist adlandırırsansa, ələlxüsus bu sahədə təcrübən, təhsilin varsa və sən hansısa bir sayta rəhbərlik edirsənsə, orada işləyirsənsə, müxbirsənsə, yazı işi ilə məşğulsansa, ifadə etdiyin fikrə və qurduğun hər bir cümləyə məsuliyyətlə yanaşmalısan”.
Ekspert mövcud vəziyyətdən çıxış yolunu qanunvericiliyin daha da təkmilləşdirilməsində görür:
“Bu gün istər televiziya, istərsə də yazılı media olsun, Azərbaycan mətbuatının ən böyük problemlərindən biri dezinformasiyadır. “Media haqqında” qanunumuzda çox gözəl müddəalar əksini tapıb. Lakin düşünürəm ki, qanunu daha da təkmilləşdirmək, onun üzərində yenidən işləmək lazımdır. Söz azadlığına toxunmadan, xələl gətirmədən müəyyən məhdudiyyətlər, məsuliyyətlər qoyulmalıdır ki, hər yerindən duran jurnalistika ilə məşğul olmasın. Kiminsə ağlına necə bir fikir gəlirsə, bunu istədiyi formada hansısa bir sayt yaradaraq tirajlamasın. Çünki biz suveren və müstəqil bir dövlətdə yaşayırıq, amma həm də informasiya savaşını davam etdirən, mübarizə aparan bir ölkəyik. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, qanunda müəyyən addımlar atılmalıdır, təkmilləşdirilmələr olmalıdır. Bugünkü ümumi mənzərəyə baxanda peşəkar fəaliyyət göstərən saytların, televiziyaların, media orqanlarının işi göz önündədir. Onlar rahat şəkildə öz xəbərlərini, informasiyalarını hazırlayıb, emal edib ötürə bilirlər”.











