Donna Tarttın “Gizli Tarix”i - Orxan Saffari yazır…

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2026 19:13

Donna Tarttın “Gizli Tarix” romanını hələ tam oxuyub bitirməmiş ağlıma gələn bir sual oldu:

“Yazıçı başına gələnləri yazır, ya içində baş verənləri?”.

Maraqlıdır, yazıçıların, oxucuların cavabları necə olardı bu suala?

Əgər bu suala özüm cavab verəsi olsam, Donna Tartt içində baş verənləri yazır deyərəm.

Bir az da obrazlaşdırsam və hətta bir qədər də konkretləşdirsəm, Donna Tarttın “Gizli Tarix” romanının zahirən sakit, hətta cazibədar görünən dünyaların altında yavaş-yavaş üzə çıxan bir qaranlıq olduğunu deyə bilərəm.

Bəs yaxşı, nədir o qaranlıq?

“Gizli Tarix” romanından müxtəlif nəticələr çıxartmaq olar. Buna, məsələn, hazırlıqsız oxucu ağ edərək detektiv roman da deyə bilər.

Ancaq bu romandan çıxarılan digər bir nəticəyə misal olaraq demək olar ki, Tartt insanı yalnız yaxşı və ya pis kimi təqdim etmir, onun üçün insan daha mürəkkəbdir.

Yəni öz arzularının, qorxularının, şöhrətpərəstliyinin, tənhalığının və yaratdığı illüziyaların içində yaşayan bir varlıqdır.

Bəli, o qaranlıq tərəf də məhz budur.

1992-ci ildə nəşr olunan “Gizli Tarix” romanı ilk baxışda qədim yunan mədəniyyətinə heyran olan bir qrup tələbənin və onların ətrafında baş verən cinayətin hekayəsidir.

Lakin sonra məlum olur ki, məsələ yalnız bir cinayətdən getmir. Tartt oxucunu daha narahatedici bir sual qarşısında qoyur. Lori dildə desək, sual budur:

“İnsan ən çox hara qədər gedə bilər?”

Daha dəqiq, məsələn, insan gözəllik, bilik və özünü xüsusi hiss etmək arzusu naminə mənəvi sərhədlərini nə qədər zorlaya bilər?

Bu roman məhz bu sərhədin harada itdiyini araşdıran, gözəlliyin arxasında gizlənən o məlum qaranlığı göstərən bir romandır.

Tarttın ilk romanı kimi nəşr olunan bu romanda hadisələr Vermontdakı qondarma Hampden College-də qədim yunan dili və mədəniyyətini öyrənən altı tələbənin ətrafında qurulur.

Əgər bir qədər roman haqqında danışmalı olsaq demək olar ki, baş qəhrəman Richard Papen Kaliforniyadan Vermontdakı elit kollecə gəlir.

O, bundan sonra burada professor Julian Morrowun ətrafında formalaşmış çox qapalı bir tələbə qrupuna qoşulur.

Bəs bu tələbələr niyə və necə fərqlənir?

O cür fərqlənir ki, onlar adi tələbələr kimi yaşamırlar. Daha dəqiq, Qədim Yunanıstana, xüsusilə də onun estetik və fəlsəfi dünyasına heyran olurlar.

Professor Julian da tələbələrində belə bir düşüncə yaradır ki, adi insanların mənəvi qaydaları müəyyən mənada vulqardır və gözəllik daha yüksək bir həqiqətdir.

Belə demək olarsa, romanın faciəsi, əsas məğzi məhz burada başlayır.

Müasir dünyada gözəllik naminə edilə bilən saysız-hesabsız dəhşətli hallar var.

Bu romanın hətta əsas sujet xəttinin bu məsələ üstündə olduğunu da deyə bilərik.

Yəni “Gözəllik naminə nə qədər uzağa getmək olar?”.

Roman baş qəhrəmanın timsalında həm də onu göstərir ki, estetik gözəlliklə mənəvi gözəllik eyni şey deyil.

Əlbəttə, bu sadə həqiqət onsuz da zahirən məlumdur. Ancaq məsələnin mənəvi, psixoloji tərəfi tamamilə başqadır.

Romanın ümumi aurası da zahirən çox estetikdir. Bir cinayət hadisəsinə fəlsəfi don geyindirmək, başqa cür “intellektual muskul” göstərmək kimi də görünə bilər ki, bu göstərilən qondarma deyil.

Bəs necədir o zahirən estetik ab-hava?

“Qədim Yunan dili, klassik ədəbiyyat, payız mənzərələri, Vermont, köhnə kitablar, şərab, bağ evləri, aristokratik davranışlar…”, – bəli, deyərdim ki, belədir.

Romanın bir məğzidə bir dünyadan başqa dünyaya keçən insanın vəziyyətidir. Çünki romanın elə ilk səhifələrindən Richardın özünə olan mənfi, bir qədər pessimist münasibətləri açıq-aydın göstərilir.

Bəli, o, romandakı dünyaya kənardan daxil olur və ona valeh olur. Öz keçmişindən, sosial vəziyyətindən, adi həyatından uzaqlaşmaq istəyir. Başqalarının yaratdığı gözəl və sirli dünyaya daxil olmaq onun üçün bir növ özünü yenidən yaratmaq cəhdi olur.

Çünki elə onun daxilən bu kimi şeylərə meylli olması da aşikardır.

Əlbəttə, bu cür bir romanın hər obrazı haqqında ayrıca vikipedik olaraq danışmağa dəyməz. Ancaq Richardın timsalında digər tələbələri, məsələn, Henryni və başqalarını tanımaq, o dünyaya daxil olmağa, intellekt, əxlaq, mənəviyyət, estetiklik və s. məsələlər haqqında düşünməyə dəyər.

Nəhayət, hazırlıqsız oxucuların təsəvvüründə yaranan “niyə detektiv deyil?” sualının tək və dəqiq cavabı da budur ki, bu romanda cinayət əvvəldən bilinir.

Yəni Richard romanın əvvəlində artıq deyir ki, Bunny ölüb və onun dostları bunun arxasında dayanıblar.

Konkret olaraq axtarışlar “Kim öldürdü?” üzərində deyil. Dəqiq nəyin üzərində olduğunu bilmək üçün isə o hadisələrin içinə daxil olmaq lazımdır.

Orxan Saffari
Gununsesi.info