Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı bu gün vəfat edib.
Vətəndaşlar, ictimai-siyasi şəxslər onunla bağlı fikirlərini və xatirələrini bölüşürlər.
Jurnalist Ləman Ələşrəfqızı da Əvəz Zeynallı ilə bağlı kövrək xatirələrini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, o yazır ki, qardaşı vəfat edəndə Əvəz Zeynallı onun doğulduğu kəndə – yas mərasiminə gəlib. Qardaşı Rusiyadan sink tabutda gətirilibmiş. Həyətlərində böyük bir müsibət yaşanır, anasını heç kim sakitləşdirə bilmirmiş. Belə ağır vaxtda Əvəz Zeynallı gəlir və anasına təsəlli verir. Bir qədər sonra isə anası kəndin yayda necə sərin olmasından, dağların gözəlliyindən danışmağa başlayır. Əvəz bəy həmin söhbət zamanı yayda mütləq kəndə gələcəyinə söz verir. Lakin bu, qismət olmur.
Ləman Ələşrəfqızının sözlərinə görə, oğul dərdi anasını tezliklə həyatdan aparır. Ardınca isə Əvəz Zeynallının həbsi baş verir.
Ləman Ələşrəfqızı yazır ki, Əvəz bəyi sonuncu dəfə beş gün əvvəl, xəstəxanada ziyarət edib:
“Əslində, mən o gün əlimi ondan üzdüm. Sarılıq gözlərinin ağına qədər enmişdi. Buna baxmayaraq, məndən Nilufəri soruşdu. Dedi: “Ona mütləq həkimliyi oxutdur, o ağıllı qızdır”.
Dedim: “Siz də Nilufərin həkimliyinə qədər yaşamağa çalışın”. Çünki qızım ona demişdi ki, “Məni hələ ağ xalatda görəcəksiniz”. “İnşallah!” demişdi. Görmədi. Həm də bu, ‘cahan mülkündə mütləq doğru halət!’”
O, həmin gün xəstəxanadan çıxarkən Əvəz bəylə sağollaşdığını, alnından iki dəfə öpdüyünü və yenə gələcəyəm dediyini bildirir:
“Amma gedə bilmədim. Ayaqlarım getmədi. Onunla şəkil də çəkdirmədim, son vəziyyətini lentə də almadım. Əvəz bəy həmişə yaddaşımdakı Əvəz kimi qalsın dedim. Əvəzsiz biri kimi…”
Ləman Ələşrəfqızı xatirəsini belə tamamlayıb:
“Ana, qarşıla, Əvəz bəy gəlir. Daha bir Ananı sənin kimi zəlil qoyub gəlir…”
Orxan












