Azərbaycanda mürəkkəb transplantasiyalar həyata keçiriləcək? – AÇIQLAMA

  • Müəllif: Şəbnəm
  • 29 Sentyabr 2026 11:44

Azərbaycanda bəzi mürəkkəb transplantasiya əməliyyatlarının həyata keçirilməsi ilə bağlı məsələ gündəmdədir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya MərkəziGununsesi.info-nun sorğusuna cavab olaraq məlumat verib ki, hazırda qırtlaq-traxeya, kompleks (kompozit) boyun və sidik kisəsi transplantasiyalarının həyata keçirilməsinə mövcud qanunvericilik çərçivəsində icazə verilmir.

Bu səbəbdən həmin transplantasiya növlərinin Azərbaycanda tətbiqi ilə bağlı hazırda konkret plan və ya vaxt cədvəli nəzərdə tutulmayıb.

Qeyd olunub ki, sözügedən transplantasiya növləri dünya təcrübəsində də hələ ilkin klinik sınaq mərhələsindədir və yalnız bir neçə yüksək ixtisaslaşmış beynəlxalq mərkəzdə tətbiq olunur.

Mərkəzin məlumatına görə, mövcud qanunvericilik orqan və toxuma transplantasiyası sahəsində geniş hüquqi çərçivə yaradır. Bu isə prinsip etibarilə gələcəkdə yeni transplantasiya növlərinin tətbiqinə imkan verə bilər.

Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi donorların müəyyənləşdirilməsi, beyin ölümü diaqnozu qoyulmuş şəxslərlə bağlı prosedurların idarə olunması və donor orqanların transplantasiya məqsədilə səmərəli şəkildə idarə edilməsinə dair sistemli iş aparır.

Mərkəz hesab edir ki, donor proseslərinin vahid və əlaqələndirilmiş şəkildə təşkili, ölkədə tibbi potensialın artması və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi gələcəkdə daha mürəkkəb transplantasiya növlərinin Azərbaycanda tətbiqinə şərait yarada bilər.

 

 

Vüsal Artyom 

Gununsesi.info