“Peşəyönümlü təhsilin inkişafına yardım” IB (PTİYİB) ictimai əsaslarla “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır?” adlı layihənin icrasına başlamışdır. Onlayn formatda reallaşan layihə çərçivəsində bəzi universitetlərin tələbələri üçün süni intellekt mühitində səmərəli öyrənmə yolları haqqında tövsiyyələr veriləcəkdir. Təlimləri PTİYİB sədri, dosent İlham Əhmədov aparır.
İlk onlayn təlim UNEC Zaqatala filialının tələbələri üçün aparılmışdır.
Təlimin məqsədi Sİ-dən istifadə etməklə tələbələrin düşünən, yaradıcı, müstəqil və məsuliyyətli olmalarına dəstək verməkdir. Gələcəyin əsas bacarığı Sİ bilmək yox, onun köməyi ilə keyfiyyətli düşünməkdir.
Əvvəllər insanlar hər hansı məlumatı tapmaq üçün kitabxanada saatlarla axtarış edirdi. İndi isə bu məlumatı kitabxanaya getmədən bir neçə saniyə ərzində Sİ bizə verir. Sİ bizə cavab, izah, məqalə, təqdimat, hətta ideya verə bilir.
Əgər Sİ hesablayırsa, məlumat tapırsa, mətn yazırsa, müəyyən qərar üçün variantlar təklif edirsə, onda insanın rolu, əsas üstünlüyü bəs nə olacaq ?
Sİ dövründə tələbə olmaq həm asan həm də çətindir.
Sİ dövründə uğurlu tələbə çox məlumat əzbərləyən yox, yaxşı düşünən tələbədir.
Tələbə düzgün sual verməyi, problemi müəyyənləşdirməyi, Sİ-dən ağıllı istifadə etməyi, alınan məlumatı yoxlamağı, səhvi görməyi, öz fikrini formalaşdırmağı bacarmalıdır. Gələcəkdə Sİ ilə düşünən insanla, özü düşünməyib, bunu Sİ-yə həvalə edən insan arasında böyük fərq olacaq.
Sİ universitet təhsilinin ənənəvi modelini tam dəyişdirir.
Əvvəllər tələbənin əsas vəzifəsi məlumat toplamaq, yadda saxlamaq, imtahanda biliyini nümayiş etdirmək idisə, indi Sİ məlumatı bizə saniyələr ərzində təqdim edə bilir.
Deməli, tələbənin dəyəri topladığı informasiyanın miqdarı ilə deyil, həmin informasiya ilə apardığı intellektual əməliyyatlarla ölçülməlidir. Bu, tələbənin yeni təhsil fəlsəfəsidir.
Sİ tələbənin əvəzinə düşünməməlidir. Sİ onun daha yaxşı düşünməsinə kömək etməlidir.













