Türkiyədə sabiq ailə və sosial siyasət naziri, AK Partinin sədr müavini Fatma Betül Sayan Kaya ətrafında yaranan qalmaqal ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
Gununsesi.info xəbər verir ki, müxalif YENİ Partinin sözçüsü Zeynel Emre Kaya və həyat yoldaşı İlyas Kayanın birja əməliyyatları ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Emrenin açıqlamasına görə, Fatma Betül Sayan Kaya aprelin 8-də “Özata Denizcilik” şirkətinin səhmlərinə 63 milyon 359 min lirə yatırıb, sentyabrda isə həmin səhmləri sataraq 1 milyard 344 milyon lirə əldə edib.
İddialara əsasən, Kayanın həyat yoldaşı İlyas Kaya da 99 milyon 687 min lirəlik investisiya qarşılığında 826 milyon lirə əldə edib. Beləliklə, ər-arvadın ümumilikdə 163 milyon lirə investisiya qoyaraq 2 milyard 170 milyon lirə götürdüyü irəli sürülür.
Əməliyyatların vaxtı da müzakirələrə səbəb olub. Belə ki, iddialara görə, səhmlər maliyyə bazarındakı qalmaqal geniş ictimaiyyətə məlum olmamışdan əvvəl satılıb. Bu isə əməliyyatlar zamanı əvvəlcədən məlumat əldə edilməsi ehtimalı ilə bağlı suallar doğurub.
Yaranmış mübahisələr fonunda Fatma Betül Sayan Kaya sentyabrın 26-da AK Partidə tutduğu vəzifələrdən istefa verib. O, qərarını iddiaların hərtərəfli araşdırılmasına şərait yaradılması ilə izah edib.
Firuzə Mahmudova
Gununsesi.info












