
Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesində mühüm həlqələrdən biri də yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin inkişaf etdirilməsidir. Azərbaycanda 1995-ci ildən yerli özününidarə qurumlarının yaradılması ölkə Konistitusiyasında nəzərdə tutulub. 1999-cu ildən isə ilk seçkilər keçirilərək, bələdiyyə institutunun formalaşmasına start verilib. Hazırda ölkədə 1700-dən çox bələdiyyə fəaliyyət göstərir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Bunlara Zəif Şura – Güclü Mer modeli ; Güclü Şura – Zəif Mer modeli ; Şura Menecer modeli ; Komissiya modeli ; Qarışıq model daxildir.
Gununsesi.info xəbər verir ki, Azərbaycanda rəsmi olaraq Zəif Mer – Güclü Şura modeli tətbiq edildiyi deyilsə də, təəssüf ki, burada hər hansı bir seçkili meriyadan və ya güclü şuralardan söhbət belə gedə bilməz.
Doğrudur, bələdiyyə birliklərinə dəstək olmaq üçün assosasiyalar və şuralar mövcuddur. Amma onların yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə, qanunvericilik təşəbbüslərinə təsirləri lazımı səviyyədə deyil. Hələ ki, Azərbaycanda yerli icra hakimiyyətləri ilə bələdiyyələr paralel olaraq fəaliyyət göstərdiyinə görə, yerli özünüidarəetmə orqanlarının icra qurumlarına sankı tabe olan bir təşkilat olaraq assosasiya olunur.
Ümumiyyətlə, Azərbaycanın özünün elan etdiyi bu modelə nələr daxildir, hansı mexanizmləri, hansı strukturları olmalı, onlar necə təşkil edilməlidir və sair bu kimi suallar açıq qalır. Bu gün yerli özünüidarə orqanlarının icra strukturunun hansı formada olduğunu ötən araşdırmalarda da təqdim etmişdik. İri bələdiyyələr 5-6 komissiyadan və bir neçə şöbədən ibarətdir. Kiçik bələdiyyələrdə isə komissiyaların adları formal xarakter daşıyır, cəmi 2-3 qulluqçudan təşkil olunan bir orqana çevriliblər.
Qanunla bələdiyyələr öz fəaliyyətlərini hansı sənədlər əsasında tənzimləyə bilərlər?
Hazırda bələdiyyələrin fəaliyyəti və onun icra sturkturları bir sıra hüquqi aktlarla tənzimlənir. Bura “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlar daxildir. Orada komissiyalaırn və şuraların yaradılması nəzərdə tutulur.
Bakı şəhər Nizami rayon bələdiyyəsinə ünvanladığımız sorğuda qanunvericilikdə nəzərdə tutulduğu komissiyaların fəaliyyət göstərildiyi qeyd etdilər. “Nizami rayon bələdiyyəsi öz fəaliyyətini Nizamnaməyə uyğun həyata keçirirlər. Bu nizamnamə bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir”, – Nizami rayon Bələdiyyəsini nümayəndəsi deyir. Onların sözlərinə görə, öz şəhər bələdiyyəsinin nizamnamələrində bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları və sair bu kimi məsələlər müəyyən olunur: “Hazırda onun icrasında hər hansı problem yoxdur və öhdəlikləri yerinə yetirməyə çalışırlar. Qanunla müəyyənləşən icra strukturları fəaliyyət göstərir”.
Binəqədi rayon bələdiyyəsində də komissiyaların və şöbələrin fəaliyyətinin nizamnamə ilə tənzimləmdiyini söylədilər. Eyni zamanda, nizamnamə əsasında bələdiyyələr şurası da mövcuddur. Həmin Şurada bələdiyyələrin iştirakı könüllüdür.
Hər iki bələdiyyəyə son illər qanunverciliyin təkmilləşməsi, yeni hüquqi aktların qəbulu ilə bağlı bir təşəbbüsdə olub-olmadıqlarını soruşduq. Təəssüf ki, bununla bağlı bələdiyyələrin az maraqlı olduqlarını sezdik. Həm Binəqədi, həm də Nizami rayon bələdiyyəsindən söylədilər ki, onlar Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzində və assosasiyaların toplantılarda öz təkliflərini səsləndirirlər.
Nizamnamədə nələr nəzərdə tutulub? Nizamnamədə bələdiyyənin fəaliyyətinin təşkili, hüquq və vəzifələri, Bələdiyyə Şurasının tərkibinin müəyyənləşdirilməsi, Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları və qaydası və sair bu kimi məsələlər nəzərdə tutulub.
Ekspertlə hesab edir ki, qanunvericiliyin təkmilləşməsinə ehtiyac var. Xüsusilə, bələdiyyələrin fəaliyyəti genişləndirilməsi, strukturunun konkret sərhədlərinin müəyyənləşməsi vacib amillərdən biridir. Məsələn, qanunun bələdiyyənin həm icra strukturlarının, həm də daimi komissiyalarının yaradılmasına yanaşması konkret deyil, daha çox könüllülük xarakteri daşıyır. Ekspertlər təklif edir ki, həmin orqanların yanaşmasına münasibətdə qanun minimum tələblər müəyyən etməli, hansı strukturların öncəliklə yaradılması qanunda mütləq formada ifadə olunmalıdır.
Vüsalə Rüstəmova
Gununsesi.info












