“Bəlkə də heykəllərimdən biri çamadanlarını Azərbaycanda qoyacaq” – Bruno Katalano

HafizTimes.com-un budəfəki müsahibi dünya şöhrətli fransız-italyan heykəltəraş Bruno Katalanodur. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Katalano bir çox mühüm məqamdan söhbət açıb, ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

1960-cı ildə Mərakeşdə əslən sicilyalı olan bir ailədə dünyaya gəlib. Gənc yaşlarından etibarən postkolonial cəmiyyətdə var olmaq üçün mübarizə aparmağa başlayıb. Daha sonra ailəsi ilə birlikdə Fransada məskunlaşmalı olublar. Məhz bir çox köç hekayələri Afrikanı tərk edən bu sənətkarın əsas ilham mənbəyi olub. 2013-cü ildə “Les Voyageurs” (“Səyahətçilər”) adlı sürrealist heykəl koleksiyası ilə Avrupada “natamam heykəl”  hərəkatının əsasını qoyub və bununla da insanların diqqətini çəkməyi bacarıb. O, heykəllərindəki “çatışmayan hissələrlə” qürbəttə yox olub gedən həyatları, mühacilərin üzləşdikləri çətinlikləri dünyaya nümayiş etdirməyə çalışır. Əllərində çamadanlar, bədənlərində isə böyük boşluqlar olan Katalonun tunc heykəlləri qaçqınlığın ən mühüm simvollarından birinə çevrilib. O, heykəlləri ilə daha yaxşı sabah üçün daimi axtarışda olan və öz şəxsiyyəti ilə fəxr edən köçəri insanlıq ideyasına diqqət çəkir. Sənətkarın öz əlləri ilə gildən hazırladığı heykəllər qaçqın olmağın ürəklərdə açdığı dərin yaralar, yersizliyin yaratdığı boşluqları əks etdirir. Yaradıcılığını isə bu sözlərlə izah edir: “Hamımız həyat yolunun səyahətçiləriyik, bəzilərimiz iş üçün, bəzilərimiz isə özümüzü axtarmaq üçün yola çıxırıq”.

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– Studiyamda çox işləyirəm, dünyadan bir az uzaqlaşmışam. İşlərimin Azərbaycanda tanındığını bilmirdim. Buna görə çox qürur duydum və mənə müsahibə təklif etdiyiniz üçün sizə təşəkkür edirəm. Azərbaycan bizdən uzaqdır, bu ölkə barədə düşündükcə ağlıma ilk müstəqilliyi, döyüşçüləri, fərqli mədəniyyətləri gəlir.

– Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə əskik olan nə idi?

– Mərakeşdə qardaşlarım və bacım, eyni zamanda ailəmizin bir hissəsi olan əmioğlularım, qonşularımızla birlikdə keçən çox sevincli və gözəl bir uşaqlıq illəri xatırlayıram. Hamımız bir yerdə yaşayırdıq, böyüklər çoxlu şənliklər keçirərdilər və bunun üçün müxtəlif bəhanələr tapardıq. Atam bizi hər il Fransa, İtaliya, İspaniyanı kəşf etmək üçün Avropaya aparardı…

– Niyə heykəltəraş olmağa qərar verdiniz? Uğurunuzu nəyə borclusunuz?

– Düzünü desəm, mən həqiqətən də belə bir qərar vermədim. Çünki ailəmdə sənətə, mədəniyyətə qarşı məhəbbət yox idi. Mən fəhlə ailəsindənəm, digər tərəfdən isə maddi mədəniyyətə sahib idik. Hamımız çox bacarıqlıyıq. Mən gənc olanda böyük bir okean gəmisində elektrikçi işləyirdim, bütün dünyanı gəzdim. Çox təəssüf ki, narkotik, heroindən istifadə etdim. Bunu dayandırmaq üçün bir neçə detoksifikasiya müalicəsi qəbul etdim. Müalicə zamanı gillə tanış oldum.

Uğurumu həm zəhmətim, həm də bəxtimlə bağlayıram. 35 yaşımda bütün işimi dayandırıb heykəltəraşlığa başladım və hər gün səhər 7-dən axşam 8-ə kimi heykəllər düzəltdim. İstirahət günü olmadan və 15 il heç bir pul qazanmadan, dayanmadan çalışdım. İlk heykəlimi 45 yaşında satdım.

– Hazırda hansı layihələr üzərində çalışırsınız? Həqiqətən də fəxr etdiyiniz iş hansıdır?

– Mən Nyu-Yorkdakı növbəti sərgim üzərində işləyirəm. Sohodakı Bartoux qalereyasında fərdi sərgim olacaq. Həmçinin Madison prospektində bütün il boyu  4 metrlik 9 monumental heykəlim sərgilənəcək.

Səyahətçilərin heykəlini yaratdığım üçün çox fəxr edirəm, çünki hər kəs özünü bu forma vasitəsilə tanıyır.

– Bruno Katalano öz heykəlini düzəltsəydi, nə əskik olardı?

– Əslində, ilk heykəllərimdən biri avtoportret idi (çox uzağa baxmadım 🙂 Buna görə də bu gün səyahətçilərimi (heykəllərimi) təqdim edərkən özümü də təqdim edərdim. Mən də özümü balaca bir adam kimi pencəyimdən dar ağacından asılmış vəziyyətdə təsəvvür etdim. Üstəlik, dünyanın sonsuzluğu ilə müqayisədə həqiqətən çox balacayam. 

– “Les Voyageurs”un (“Səyahətçilər” heykəl kolleksiyası) uğur sirri nədir?

– Elə bir uğur sirri yoxdur. Məncə, bu forma hər kəslə danışır və hamımızın həyatında hardasa izlər buraxan şeylər yaşadıq.

– Heykəllərin hansı hissəsinin hazırlanması daha çox vaxt aparır?

– Üz ifadəsi, həmçinin paltarların qırışları.

– Niyə mühacir və qaçqınların sayı günü-gündən artır? Vətənini, ailəsini tərk etmək məcburiyyətində qalan insanlara nə demək istərdiniz?

– Bu suala cavab vermək çox çətindir. Mən Mərakeşdən 15 yaşımda ayrıldım, Marselə çatanda şok oldum. Bir körpünün üzərində durub, əvvəllər heç vaxt görmədiyim böyük bir prospektdə (Cours Liautaud) ötüb keçən maşınlara baxardım. Həmin günlərimi xatırladım.

Valideynlərimin çox əlacsız qaldıqlarını, 50 yaşlarında hər şeyə yenidən başlamaq məcburiyyətində qaldıqlarını xatırlayıram. Həqiqətən də çox çətin idi. Amma onlar uşaqları üçün bütün bunların öhdəsindən gələcəklərinə inandılar. Başqa seçimləri də yox idi.

Bilmirəm, Fransaya gəlişimdən və bütün bu dəyişikliklərdənmi, çox tez məktəbdən çıxdım. Yaşamaq üçün 16 yaşımda ticarəti öyrənməli oldum. Düşünürəm ki, hər şeydən çox özünüzə və xəyallarınıza inanmalısınız. İmmiqrant olduğunuz zaman təəssüf ki, çox az köməyiniz olur. Buna görə də başqalarından on qat daha çox mübarizə aparmalısınız.

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– Utanvericidir, çox kitab oxumuram. Mən daha çox filmlərə meylliyəm. Filmləri sevirəm və qəzetləri çox oxuyuram. Amma gənc olanda “Siddharthanı” oxuduğumu xatırlayıram və bu kitab mənə təsir etmişdi.

– Sənət azadlığı ilə sənətkarın azadlığı bir-birindən nə ilə fərqlənir? Sizcə, azadlıq nədir?

– Mən elektrikçi işləyəndə də yaxşı elektrikçi olmaq üçün çox çalışdım. Bu gün heykəltəraşlıqda olduğu kimi o vaxtda zəhmət çəkdim. Mənim üçün o da bir sənət idi.

Düşünürəm ki, sənətin azadlığı ilə sənətkarın azadlığı arasında fərq yoxdur. Hər hansı bir sənətlə məşğul olsam da, olmasam da mənim həyatımın özü bir sənətdir. Əgər mən artıq heykəl düzəltmirəmsə, sənətlə məşğul olmuramsa deməli, daha yaşaya bilmərəm. Sənətkar olmaq ehtiraslı olmaqdır, mənim üçün hər kəs işini ciddi və mənəviyyatla yerinə yetirdikdə sənətkardır.

Düşünürəm ki, azadlıq özünü sevmək, kim olduğunu tapmaqdır, cəmiyyətin bizdən istədiklərinə müsbət cavab verəcək bir duruşa sahib olmamaqdır. Azadlıq, həqiqətən istədiyinizi etmək üçün cəsarət, ambisiya və gücə sahib olacaq qədər özünüzü sevməkdir

– Tərəqqiyə doğru gördüyümüz işlər insanlığımızdan nələri götürdü?

– Həmrəylik, dinləmə, mehribanlıq.

– Dinin həyatınızda rolu nədir?

– Bu haqda danışmaq istəmirəm. Çox şəxsi bir mövzudur. Amma mən çox spiritualam. 

– Niyə heykəlləriniz üçün bürünc rəngi seçdiniz?

– Bürünclə işləməyi ona görə seçdim ki, o, nəcib materialdır, qırılmaz, zamanla yerindən tərpənmir.

– Ən böyük qorxunuz nədir?

– Təəssüf ki, ölüm.

– Müharibə sizin üçün nə deməkdir?

– Təəssüf ki, bu suala cavab verə bilmirəm, çox düşünmək lazımdır. Müharibə heç vaxt yaxşı fikir deyil və bir sıra fəlakətlərlə müşayiət olunur: iqtisadi fəlakət, ekoloji fəlakət.

“Yaxşı müharibə”, “haqq savaşı”, hətta “təmiz müharibə” deyə bir şey yoxdur. Sadəcə olaraq, ölən insanlar var. Bəziləri döyüşçü idi və daha tez-tez münaqişələr artırdı, digərləri isə tamamilə heç nə istəmirdilər. Sadəcə olaraq, dullar və yetimlər var. Və şikəst insanlar var. Dağıntılar var. Və sonra yalnız qisas istəyən insanlar var, onlar da başqa yetimlər yaradacaqlar… Və bu qəddar dövr davam edir.

– İndi dünyaya ən böyük mesajınız nə olardı?

– Bu qaranlıq, ümidsiz, narahatedici zamanda həyatın sadəliyinə, gözəlliyinə baxıb gülməyə başlayın, sevdiyiniz birini qucaqlayın. Nə qədər çətin olsa da bunları etməyə çalışın. Mən də üzərimə düşəni edirəm.

– Azərbaycana, Bakıya səfər etmək istərdinizmi? Heykəllərinizi sevən insanlara nə demək istərdiniz?

– Mən sizin ölkənizə səfər etmək istərdim, amma artıq təyyarəyə minmirəm 🙁 amma bəlkə səyahətçilərimdən  (heykəl) biri çamadanlarını orda qoyub gedər? 🙂 İşimə inanan, bunu bizə çatdıran insanlara hər gün təşəkkür edirəm. Mediada, sosial şəbəkələrdə bu barədə danışır, paylaşırlar, siz olmasaydınız, səyahətçilərim (heykəllər) mütləq mənim emalatxanamda yanımda olardı, sizin sayənizdə onlar indi hər yerdədir.

Hafiz Əhmədov