“Bağlanan dörd bankın əmanətçilərinə avqustun 1-dən kompensasiyaların ödənilməsinə başlanacaq” - AZAD CAVADOV

  • By admin
  • 29 İyul 2016 14:11

azad

 

Bank lisenziyaları ləğv olunmuş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov iyulun 29-da keçirdiyi mətbuat konfransında məlumat verib. O, bildirib ki, həmin bankların qorunan əmanətçiləri müqavilə bağladıqları filiallara müraciət etməklə avqustun 1-dən etibarən əmanətlərini geri ala biləcəklər. A. Cavadov qeyd edib ki, “Parabank”da fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 87 619 min, qorunan əmanətlərin cəmi 61 949 min, kompensasiya olunan əmanətlər isə 43 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 970 nəfərdir: “Zaminbank”da fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 53 632 min, qorunan əmanətlərin cəmi 53 631 min, kompensasiya olunan əmanətlər isə 36 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.“Kredobank”da fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 30 206 min, qorunan əmanətlərin cəmi 20 956 min, kompensasiya olunan əmanətlər isə 27 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.“Dekabank”da fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 585 min, qorunan əmanətlərin cəmi 3 767 min, kompensasiya olunan əmanətlər isə 2 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.Dörd bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 110 714 min təşkil edir”.

Bildirilib ki, kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank”, “Parabank” və Zaminbank”ın filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmək olar.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytından, Fondun 941 saylı “qaynar xətti” və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Gununsesi.info