“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir” - ZİYAFƏT ƏSGƏROV

  • By admin
  • 22 Noyabr 2017 17:06

 

Birinci vitse-spiker hökumətə Bakı-Astara dəmir yolunun Lənkəran-Astara hissəsində dəniz qırağından keçən hissəsinin köçürülməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Z.Əsgərov bildirib ki, sözügedən dəmiryolu birbaşa dəniz sahilindən keçdiyindən Lənkəran və Astaranın dənizə çıxışını əngəlləyir: “Bu təkcə birbaşa çıxışı əngəlləmir, eyni zamanda turizmin inkişafına və digər infrastrukturun yaradılmasına maneçilik yaradır. Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, infrastrukturun genişləndirilməsinə kömək etmiş olar. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Bu iş nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu, dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”.

Mürtəza

Gununsesi.info