
Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş və hazırkı kürəkənləri Nərimanov rayon Məhkəməsində çəkişir. Onun qızı Aysel Şükürovanın keçmiş həyat yoldaşı Elşən Əsgərli və iki dostu Azər Nəsibov və Nuray Bayramlı xuliqanlıqda ittiham olunur. Bu cinayət işində zərərçəkmiş isə Aysel Şükürovanın hazırkı həyat yoldaşı Oqtay Əhmədov və onun əmisidir. Təqsirləndirilən şəxslərin onları döydüyü, təhqir etdiyi iddia olunur.
Gununsesi.info xəbər verir ki, aprelin 19-da məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci ildə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər. İddia olunur ki, E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb. Bununla əlaqədar Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər. Nəticədə aralarında dava düşüb.
Bugünkü məhkəmədə zərərçəkmiş qismində tanınan O.Əhmədovun vəkili İsmayıl Kəngərli bu işdə ailə sirri olduğunu əsas gətirərək, məhkəmə zalından jurnalistin çıxarılmasını istəyib. Təqsirləndirilən E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim də bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz.
Daha sonra zərərçəkmiş qismində yol polisləri dindirilib. Polis əməkdaşı Rəsul Ağayev bildirib ki‚ xidmətdə olarkən yolun kənarda “Porsche Cayenne” və “Porsche Panamera” markalı avtomobillərin dayandığını görüb: “Biz onlara yaxınlaşdıq‚ sakit dayanmışdılar. Sonra uzaqlaşdıq. Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasınca da 2-3 nəfər gəlirdi. Elşən gəlib bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar. Elşənlə bir-birini söyməyə başladılar. Onların heç biri – nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də Post-Patrul Xidmətinin əməkdaşlarını çağırdıq‚ gəlib bunları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə, əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar”.
Digər polis əməkdaşı İlkin Həbibov da təxminən eyni ifadəni verib. Bildirib ki, zərərçəkmiş O.Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb: “Elşən tək‚ onlar isə 3 nəfər idilər. Təxminən 15-20 dəqiqə sonra Elşənin bir tanışı gəlib müdaxilə etdi. Amma ümumiyyətlə, hadisə yerinə ətrafdan 30-a yaxın şəxs yığışmışdı”.
Təqsirləndirilən E.Əsgərli bildirib ki, 3 nəfər onu döyürdü, həmin adamların əlindən qaçıb polisdən kömək istəyib: “İttihamda yazılıb ki, guya mən dəstə ilə olmuşam, Oqtayın isə tək. Polislərin ifadələrindən də aydın oldu ki‚ tam əksinə olub”.
Məhkəmə aprelin 30-da davam edəcək.
Qeyd edək ki, Oqtay Şükürovun qızı və kürəkənləri həm də 400 minlik toy söhbəti ilə gündəmə gəlmişdilər. İddia olunurdu ki, Aysel Şükürova Oqtay Əhmədova ilə ailə həyatı qurarkən onların toyuna 400 min manat pul xərclənib. O zaman Aysel bu məlumatların yayılmasına görə keçmiş həyat yoldaşını ittiham edirdi.
Gülər
Gununsesi.info












