Bakı Metropolitenin Fransa təcrübəsi

  • By admin
  • 12 İyul 2016 15:18

nesimi

 

“Bakı Metropoliteni” QSC-nin Fransanın “Thales” şirkəti ilə sıx əməkdaşlığı mövcuddur və əməkdaşlığa uyğun olaraq qurumlar qarşılıqlı təcrübə mübadiləsi keçirlər. Bunu Gununsesi.info-ya açqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin Fransanın “Thales” şirkəti arasında imzalanmış müqaviləyə uyğun olaraq əməkdaşlıq davam edir və bu günlərdə “Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar. “Səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı “Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış bir sıra suallara aydınlıq gətirmək olub”- deyə, N.Paşayev vurğulayıb.

O deyib ki, Fransa da səfərdə olan metropoliten əməkdaşları “Thales” şirkətində olmuş və burada şirkətin təcrübəsi ilə yaxndan tanış olublar: “Azərbaycanlı mütəxəssislər səfər çərçivəsində eyni zamanda şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçiriblər. Görüşlər əsnasında hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni Bənövşəyi xəttin “Xocəsən” elektrik deposu, şərti adı “B-3” və “B-4” olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz “Nəriman Nərimanov” elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparıblar”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın 2014-cü ildə Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində“Thales” şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir.

 

Gununsesi.info