Nadir Əzməmmədov: “Bütün işlər ilin sonunadək yekunlaşacaq”

  • By admin
  • 12 İyul 2016 15:14

nadir

 

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov Gununsesi.info-ya bildirib ki, hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və turniketlərin quraşdırılması davam edir. “Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir. Xırdalan stansiyasında isə platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq” – deyə, N.Əzməmmədov vurğulayıb. N. Əzməmmədov bildirib ki, bundan əlavə olaraq Sumqayıtda da sərnişin stansiyasının tikintisi gedir və artıq orada ikinci mərtəbənin tikintisinə başlanılıb. “Orada ikimrətəbəli hər cür şəraiti olan müasir bir sərnişin stansiyası tikiləcək. Birinci mərtəbə əsasən sərnişinlərin gözləmə zalı və kassalar olacaq. İkinci mərtəbədə isə stansiyanın inzibati otaqları olacaq” – deyə, o vurğulayıb. Mətbuta katibi onu da əlavə edib ki, Bakı sərnişin stansiyasında yenidənqurma və təmir işlər davam edir: “İyulun 11-də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub və lazımi tapşırıqlarını verib”. N. Əzməmmədov deyib ki, burada da işlər iki mərhələdən hissədən ibarətdir. “Birincisi, daxili sərnişinlər üçün nəzərdə tutulan hissədə, ikincisi,  beynəlxalq sərnişindaşıma hissəində aparılan işlərdir. Bundan əlavə olaraq 16 mərtəbəli binada aparılan təmir və bərpa işləridir. Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir” – deyə o, qeyd edib. N.Əzməmmədov bildirib ki, bütün bu işlərin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur: “Artıq bu işlərin başa çatdırılması üçün lazımi maliyyə vəsaiti ayrılıb. Hazırda işlər sürətlə aparılır ki, işlər nəzərdə tutulan vaxtda başa çatdırılsın”.

Mürtəza

Gununsesi.info