Bakıda 26 milyon dollara satılan obyektin sahibi kimdir? - FOTOLAR

  • Müəllif: admin
  • 07 Dekabr 2016 17:10

obyekt

1254 kvadrat metrlik obyekt nə az, nə çox, düz 26 milyon manata satışa çıxarılıb.
Ötən gün internetdə böyük marağa səbəb olan elan yerləşdirilib. Elanın doğurduğu rezonans isə onun qiymətiylə bağlıdır. Belə ki, 1254 kvadrat metrlik obyekt nə az, nə çox, düz 26 milyon manata satışa çıxarılıb.

Bəs, əmlak bazarında durğunluq və ucuzlaşma getdiyi bir zamanda bu qiymət nə dərəcədə realdır?

Məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə əlaqə saxladıq. Ekspert aznews.az-a açıqlamasında bildirdi ki, belə bir qiymət obyektin yerləşdiyi ərazidən asılı olaraq realdır. Lakin hazırki alıcılıq qabiliyyəti bu qədər ciddi bir rəqəmi qarşılayacaq səviyyədə deyil: “Bu gün şəhərin mərkəzində yerləşən yaşayış sahələrində 1 kvadrat metrə görə qiymətlər 7 min manata qədər müəyyən olunur. Üzeyir Hacıbəyov küçəsi, Sahil metrostansiyasının yaxınlığında, eləcə də, 28 may metrostansiyasının yaxın ətrafında qiymətlər kifayət qədər yüksəkdir. Qeyri yaşayış sahələri üçün 1 kvadrat metrin dəyəri təqribən 10 min, 15 min, bəzən hətta 20 min manat civarında dəyişir. 26 milyon təbii ki, indiki zamanda kifayət qədər böyük bir rəqəmdir. Çünki bu gün əvvəlki illərlə müqayisədə bazarda 26 milyonluq alıcı tapmaq ciddi problemdir.”
Ekspert onu da qeyd etdi ki, bu cür elanın internetə yerləşdirilməsi də, alıcılıq qabiliyyətinin aşağı olmasının göstəricisidir:
“Əvvəl belə obyektlərin çox məhdud çərçivədə alıcı kütləsi var idi. Həmin alıcı kütləsi arasında dərhal reaksiya olurdu. Görünən odur ki, artıq bu cür alıcılar yoxdur. Bu səbəbdən də həmin əmlakın sahibi onu internetdə satışa çıxarıb.”
Ramil Osmanlı qiymətin mövcud tələb əsasında müəyyən oldunduğunu vurğuladı: “Yəqin ki obyekt çox mühüm bir strateji ərazidə yerləşir. Hesab edirəm ki, razılaşma qiyməti 15-20 faiz aşağı olacaq. Qiymət bu gün üçün, indiki iqtisadi vəziyyətə uyğun deyil. Yəni Azərbaycan bazarında 26 milyon manatlıq alıcı yox səviyyəsindədir. Lakin əmlakına qiymət qoymaq satıcının haqqıdır.”
Daşınmaz əmlak bazarında ucuzlaşmadan da bəhs edən ekspert bu ucuzlaşmanı yeni tikililərə aid olmadığını bildirdi:
“Yeni tikililərdə ucuzlaşma müşahidə olunmur. Xüsusilə də, şəhərin mərkəzində inşa olunmuş tikililərdə ucuzlaşma yoxdur. Hətta əvvəlki illərlə müqayisə etdikdə, artım olduğunu da görə bilərik. Baxmayaraq ki, o əmlaklar satılmır və onların realizə olunmaqla bağlı çox ciddi problemləri var. Onların sahibkarlarının kənarda kifayət qədər maliyyə resursları var.”

Sonda ekspert sahibkarların əmlaklarını satmaqda maraqlı olmaları üçün hökumətin ciddi tədbirlər görməli olduğunu qeyd etdi:
“Hökumət bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Tikilib boş saxlanılan əmlakların vergiyə cəlb olunmasıyla bağlı yeni bir strategiya proqramı hazırlanmalıdır. Sahibkarlar o əmlakları satmaqda maraqlı olmalıdırlar”.

obyek1 obyekt1

Gununsesi.info