Bakıda yeni metro stansiyası tikiləcək - ÖZƏLLİKLƏRİ

  • By admin
  • 14 Sentyabr 2021 11:41

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:

“Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı “B4” adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir və hazırda bu istiqamətdə tədbirlər görülür. “8 Noyabr” stansiyası istifadəyə veriləndə orada ictimaiyyətə ilkin hazırlıq işlərinin getdiyi ilə bağlı məlumat verilmişdi. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bənövşəyi xəttin davamı kimi bu stansiyanın da platformaları 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Yeni inşa olunacaq stansiya mütləq şəkildə müasir texnologiyalarla təchiz olunmalıdır. Çünki əvvəlki stansiya müasir texnologiya əsasında tikilib, ondan sonrakı da elə olmalıdır. Stansiyada elevatorlarla yanaşı, əlil arabaları üçün liftlər də quraşdırılacaq. Bu, sözügedən xəttin digər stansiyasında var idi, burada da mütləq olmalıdır. Yəni infrastruktur baxımından bütün müasir yeniliklərin hamısı mütləq şəkildə nəzərə alınmalıdır. Bu, təkcə o stansiyaya yox, bundan sonra inşa olunacaq bütün stansiyalara da şamil olunur”.

Yeni stansiyanın istifadə tarixinə gəlincə, qurum sözçüsü bununla bağlı hələ ki, məlumatın olmadığını qeyd edib: “Tikintinin özünəməxsus xüsusiyyətləri var, üstəlik Bakının ağır hidrogeologiyası mövcuddur. Stansiyanın inşasına başladıqdan sonra hər bir mərhələ üzrə məlumatlar ictimaiyyətə veriləcək”.

Yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

Gununsesi.info