Bayden Azərbaycanı demokratiya sammitinə niyə çağırmadı? - ZAHİD ORUC DEYİR Kİ, SAAKAŞVİLİNİ HƏBSDƏ SAXLAYAN ÖLKƏ DƏVƏT EDİLİRSƏ...

  • By admin
  • 06 Noyabr 2021 00:14

Zahid Oruc: “İlham Əliyev 2019-cu ildən yeni hakimiyyət qurub”

 

ABŞ Prezidenti Jozef Baydenin dekabrın 9-10-da keçirməyi planlaşdırdığı virtual Demokratiya Sammitinə bir neçə həftə qalıb.

Gununsesi.info xəbər verir ki, “Politico”dərgisi noyabrın 3-də həmin sammitə dəvət olunan ölkələrin siyahısını yayımlayıb.

Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla Ermənistan və Gürcüstan bu sammitə dəvət alıb.

Bəzi müşahidəçilər bunu Azərbaycanda insan hüquqlarının durumu ilə izah edir. 

 Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında Azərbaycanın bu mötəbər tədbirdən kənarda qalmasını şərh edib.

Zahid Orucun sözlərinə görə, hər üç Cənubi Qafqaz ölkəsində insan haqlarının durumu arasında paralellik aparılıbsa, burada qeyri-obyektivliyə yol verilib: “Ermənistan istisna olmaqla, digər qonşumuz Gürcüstanın uğurlarına sevinirik. Bu gün Amerikanın layihəsinin başında duran Saakaşvili həbsdədir. Həbsdə olan şəxs o adamdır ki, Amerikanın partnyorudur və inqilabi layihəsinin lideridir. Saakaşvili Gürcüstanda ciddi demokratik islahatlara imza atan lider kimi bu gün də sevilir. Ancaq “Demokratiya Sammiti”ndə ölkə seçilərkən, bu amil nəzərdən qaçmamalı idi. Demək ki, burada insan haqları, demokratiyanın real durumu əsas rol oynamır. Burada seçim  gepolitikdir, yəni, daha artıq  dərəcədə Türkiyəyə Azərbaycana və digər dövlətlərə təsir etmək, onu diktə altında saxlamaq, yönləndirmək, region ölkələrinə qarşı onu yönləndirmək mümkün olmayanda mütləq bu cür xarakterli məsələlər meydana çıxır”.

Zahid Oruc deyir ki, insan haqları ətrafında müxtəlif problemləri ən müxtəlif səviyyələrdə müzakirə etmək mümkündür: “İstər Dövlət Departamenti ilə, istərsə də elə qeyd etdiyimiz digər təşkilatlarla bunu müzakirə etmək olar. Mən İnsan Hüquqları Komitəsinin sədri kimi bunu məsuliyyətlə bəyan edirəm. Dövlət rəhbərimiz Vətən müharibəsinin gedişində “Freedom House”, “Amnesty İnternational” kimi ziddiyət yaşadığımız təşkilatların nümayəndələrinə çağrış etdi. Prezidentin bu çağrışına reaksiya da müsbət oldu. Yəni, deməyim odur ki, Azərbaycan keçmişdə olanları bir kənara qoyub, bu kimi məsələləri müzakirə etməyə hazırdır”.

Komitə sədrinin fikrincə, Azərbaycanın beynəlxalq aləmdə imicinin müsbət olmasında əsas amillərdən biri də lobbiçilik fəaliyyətidir: “Şübhəsiz ki, beynənlxalq məkanda lobbi mərkəzləri ilə fəal bir şəkildə işləmək də çox vacib və önəmli yer alacaqdır. İlham Əliyev 2019-cu ildən yeni hakimiyyət qurur. Məhz bunu belə adlandırırıq. Çünki, bu öz özlüyündə yalnız hansısa bir hakimiyyət qolunda aparılan kadr dəyişikliyi deyil. Hər üç hakimiyyət qoluna sistemli, strateji, hərtərəfli yanaşma sərgilənir.   2020- ci ilin həm bu bəşəri problem dönəmində, həmçinin də Vətən müharibəsi zamanı bütün hakimiyyət qollarının dövlət rəhbərinin başçılığı altında bir saat  mexanizmi kimi işləməsini  gördük.  Vətən müharibəsindəki qələbədən sonra biz bu siyasi islahatların ölkə rəhbərinin elan etdiyi kursla daha da intensiv gedəcəyinə əminik. Ona görə də qalib bir ölkəni dünyada ərazi bütövlüyü kimi millətlərin fundamental suveren haqlarını görmədən,  on illər ərzində onların ləyaqət uğrunda,insan haqları uğrunda apardığı mübarizəni qiymətləndirmədən, onu xüsusi kateqoriyalarda dünyadaki təhlükəsizliyə verilən töhvə kimi separatizmin aradan qaldırılmasının bəşəri bir müsbət hadisə olduğunu vurğulmadan bizi hansısa mötəbər tədbirlərdən kənarda qoymaq uğursuz siyasətdir. Hansısa bir daxili hikkələrinə görə Azərbaycan hakimiyyətini hansısa bir tədbirlərə dəvət etməmək, hesab edirik ki, Amerikanın özünün obyektivliyini şübhə altında qoyur”.

 

Pərviz Həşimli

Gununsesi.info